Gürcüstanda etirazlar dayanmır
    • 3-05-2024, 09:10
    • 209

Gürcüstanda etirazlar dayanmır

Paytaxt Tbilisidə minlərlə insan hökumətin parlamentə təqdim etdiyi “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə reaksiya vermək üçün küçələrə çıxıb.

News24.az xəbər verir ki, gecə saatlarında parlament binası qarşısına toplaşan nümayişçilər müxtəlif şüarlar səsləndiriblər.

Daha sonra şəhərin müxtəlif küçələrində yürüş edən nümayişçilər əllərində Gürcüstan və Avropa İttifaqının (Aİ) bayraqlarını daşıyıblar.

Tbilisinin əsas küçələrindən biri olan Şota Rustaveli və onu birləşdirən yolları nəqliyyatın hərəkətinə bağlayan nümayişçilər Tbilisinin ən geniş və mühüm yolayrıclarından biri olan Qəhrəmanlar Meydanının kəsişməsinə toplaşıblar.

Nümayişçilər kəsişməyə gedən yolları bağladıqları üçün bir çox nəqliyyat vasitələri və ictimai avtobuslar hərəkət edə bilməyib.

Nümayişçilər gecə yarısından sonra kəsişməni nəqliyyata açıb və yenidən parlament binasına doğru yürüş ediblər.

Onlar hökuməti qanun layihəsini geri götürməyə çağırıblar.

BAŞ NAZİR ABŞ-DAN RƏSMİ SƏFƏR DƏVƏTİNİ “İLK ŞƏRTLƏRƏ” GÖRƏ RƏDD ETDİ

Digər tərəfdən, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin ABŞ-ın rəsmi səfər dəvətini rədd etdiyi bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Kobaxidzenin ABŞ-ın təklif etdiyi “ilkin şərt”ə görə bu ölkəyə səfəri rədd etdiyi bildirilib və aşağıdakı ifadələrdən istifadə edilib:

“Bu kontekstdə aydınlaşdırmaq istərdik ki, Gürcüstanın baş naziri ABŞ-a bir şərtlə dəvət olunub ki, səfərdən əvvəl Gürcüstan parlamenti “xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müzakirəsini müvəqqəti dayandırmalı idi. Səfər qarşılıqlı hörmət və qarşılıqlı etimada əsaslanan ilkin şərtlə həyata keçirilir. Bu, lazımi tərəfdaşlıq ruhuna uyğun gəlmir. Bu məsələ ilə bağlı ABŞ səfirinə ətraflı izahat verilib".

Günel Məlikzadə