-
- 3-05-2024, 10:10
- 380
İsraillə ticarət tamamilə dayandırıldı - TÜRKİYƏ
Nazirlikdən Türkiyənin İsraillə ticarətlə əlaqəli verdiyi qərarlarla bağlı yazılı açıqlama verilib.
News24.az xəbər verir ki, açıqlamada, İsrailin Fələstinə qarşı beynəlxalq hüquqa və insan hüquqlarına zidd hücumları nəticəsində 15 mini uşaq olmaqla 35 mindən çox Fələstin vətəndaşının həyatını itirdiyi, təxminən 78 min Fələstin vətəndaşının isə yaralandığı bildirilib. Münaqişələrin dayandırılması, insan tələfatının və fiziki tələfatın qarşısının alınması, daimi atəşkəsin təmin edilməsi və iki dövlətli həllin həyata keçirilməsi üçün ən yüksək səviyyədə təşəbbüslər göstərmiş və diplomatiyanın bütün vasitələrindən istifadə edilib.
Açıqlamada Türkiyənin ilk gündən Qəzza xalqının köməyinə gəldiyi, bölgəyə on minlərlə ton humanitar yardım, xüsusilə qida, sağlamlıq və tibbi yardım materiallarını gəmi, təyyarələrlə çatdırdığı vurğulanıb. Minlərlə xəstəni təxliyə edərək bu çətin günlərdə fələstinlilərin yanında olub və aşağıdakılar qeyd edilib:
"İsrailin törətdiyi qırğın, humanitar fəlakət və fiziki dağıntılar davam edir. İsrail hökuməti beynəlxalq atəşkəs səylərini cavabsız qoyub. Humanitar yardımı əngəlləyib. Bunun üzərinə Türkiyə 9 aprel 2024-cü il tarixindən etibarən İsrailə 54 məhsul qrupunun ixracını məhdudlaşdırıb. Qərarda İsrailin Qəzzada dərhal atəşkəs elan etdiyi və humanitar yardımın kifayət qədər, fasiləsiz axınına icazə verənə qədər məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalacağı vurğulanıb. Fələstində faciə daha da ağırlaşır, dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsi başlanır. İsrail hökuməti Qəzzaya fasiləsiz və kifayət qədər humanitar yardım axınına icazə verənə qədər bütün məhsulları əhatə edən ixrac, idxal əməliyyatları dayandırılır”.
Digər tərəfdən, bəyanatda işğal altında yaşamaq məcburiyyətində qalan fələstinlilərin bu məhdudiyyətlərdən təsirlənməsinin qarşısını almaq üçün Ticarət Nazirliyi ilə Fələstin Milli İqtisadiyyat Nazirliyi arasında lazımi işlərin koordinasiya ediləcəyi vurğulanıb. Türkiyə Cümhuriyyəti indiyə qədər çəkdiyi kimi bundan sonra da Fələstinlilərin haqq davasına dəstəyini davam etdirəcək.
Günel Məlikzadə