-
- 3-05-2024, 13:34
- 613
“Yango” xidmət keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək
“Yango” şirkəti Azərbaycandakı tərəfdaşlarına avtomobil parklarını yeniləməyə imkan verən kompleks proqramın icrasına başlayır. Proqramın şərtlərinə cavab verən daşıyıcı şirkətlər yeni avtomobillərin alınması və uzunmüddətli icarəsi üçün güzəştli kredit şərtləri əldə edə biləcəklər. Bu, onlara avtomobil parklarını qısa müddətdə modernləşdirməyə və xidmət keyfiyyətini yüksəltməyə kömək edəcək.
“Biz daim xidmət keyfiyyətinin yüksəldilməsi üzərində çalışırıq. Komandamız xüsusilə də 2023-cü ilin sonundan etibarən bu istiqamətdə fəal iş aparır. Biz həm də tərəfdaşlarımız üçün avtomobillərin sərfəli şərtlərlə alınmasını təmin etmək məqsədilə bir neçə rəsmi avtomobil dileri ilə danışıqlar aparırıq. Bunun sayəsində tezliklə bir neçə avtomobil parkı yüzlərlə avtomobili yeniləmək imkanı əldə edəcək. Yaxın gələcəkdə elan edəcəyimiz yeni tərəfdaşlıq proqramları daha çox sayda taksi parkına kömək edəcək”, - “Yango”nun mətbuat xidmətinin məlumatında deyilir.
Keyfiyyətin yüksəldilməsi üzərində aparılan işlər çərçivəsində şirkət təhlükəsizliyə də xüsusi diqqət ayırır. Belə ki, servis bu yaxınlarda səfər zamanı sürətin və idarəetmə tərzinin monitorinqini həyata keçirən texnologiyaların tətbiqinə başlayıb. Bu texnologiyalar yol qəzaları riskini azaltmağa yönəlib. Bunun sayəsində mütəmadi olaraq sürət həddini aşan və kəskin manevrlər edən sürücülərin sayı 1,5 dəfəyədək azalıb.
Xatırladaq ki, “Yango” onlayn servisi Bakıda 2022-ci ilin iyul ayından fəaliyyət göstərir. Pulsuz “Yango” tətbiqi “iOS” və “Android” əməliyyat sistemlərində çalışır. Tətbiq Azərbaycan, ingilis və digər dillərdə istifadə edilə bilər.