Bu şəxslərə 1380 manat ödəniş edilir
    • 6-05-2024, 11:23
    • 434

Bu şəxslərə 1380 manat ödəniş edilir

Azərbaycanda tətbiq edilən birdəfəlik müavinətlərdən biri də cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənişin verilməsidir. Bu müavinətin qanunla təsbiq edilməsinə baxmayaraq monitorinqlər göstərir ki, bu ödənişlərdən istifadə edənlərin sayı çox deyil. Halbuki, bu cəza çəkmədən azad olunan vətəndaşlar üçün müavinət almaq üçün vacib imkandır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, müavinət cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə verilir.

"Bu zaman qanunvericilikdə müəyyən edilmiş əsaslarla, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərə penitensiar müəssisələri tərəfindən verilən arayış təqdim edilməklə ödəniş həyata keçirilir.

Müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd misli məbləğindədir. Yəni, həmin şəxslərə 1380 manat ödənilir. Müraciət kifayət qədər sadədir. Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti, cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı və məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı təqdim olunmaqla müavinətin alınmasını rəsmilləşdirmək mümkündür.

Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə, 5 gün müddətində imtinanın səbəbləri göstərilməklə, müraciət edən şəxsə rəsmi məlumat verilir.

Bu hüququ olan amma əvvəl müraciət etməyənlər üçün də ödənişi almaq imkanı yaradılır. Belə ki, sosial müavinətlər onu almaq hüququ olduğu təqdirdə ən çoxu müraciət edildiyi tarixdən əvvəlki üç il üçün ödənilir. Yəni, vətəndaşımız cəza çəkməkdən son 3 ildə azad edilibsə və müraciət etməyibsə o halda indi də bu ödənişi almaq hüququna malikdir", - deyə V.Bayramov əlavə edib.