5-ci qrupda və kolleclərdə keçid balları artacaq - Ekspertdən XƏBƏRDARLIQ
    • 6-05-2024, 16:29
    • 406

5-ci qrupda və kolleclərdə keçid balları artacaq - Ekspertdən XƏBƏRDARLIQ

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat bu gün başa çatır. Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 29 164 nəfər bu qrup üzrə müraciət edib. II ixtisas qrupu üzrə 23 101 nəfər, III qrup üzrə 24 438 nəfər, IV qrup üzrə isə 5 794 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin böyük hissəsini - 74 297 nəfəri Azərbaycan bölməsi, 8 200 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir. Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 039 nəfərdir.

Qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək.

Məlumdur ki, bu il 11-ci sinif buraxlış imtahanlarında yüksək nəticələr əldə olundu. Rekord sayda abituriyebt maksimum - 300 bal toplayıb. Ekspertlər rəqabətin yüksək olacağını bildirir.

Maraqlıdır ki, builki imtahan növbəti illərdən nə ilə fərqlənəcək? Nəticələr və keçid balları ilə bağlı gözləntilər nələrdir?

Modern.az-a danışan təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, təkcə 11-ci siniflər üzrə cari ilin məzunlarından 53 nəfər maksimum 300 balı toplaya bilib.

"Hələ əvvəlki illərin məzunlarının buraxılış imtahanının nəticələri açıqlanmayıb. Bu, Azərbaycanın təhsil tarixində ilkdir. Əvvəlki illərlə müqayisədə bu il sualların asan olması doğru faktdır. Ümumilikdə, bu il nəticələr yüksəkdir. Buna səbəb cari ilin abituriyentlərinin daha çox hazırlığı olduğunu da göstərmək olar. Başqa bir səbəb isə sualların daha dəqiq, konkret, kurikulum metoduna uyğun tərtibidir. Nəticələrin keçən illə müqayisədə yaxşı olması, sözsüz ki, ümumi nəticələrə təsirsiz ötüşməyəcək. Xüsusən də 5-ci qrup və 11 illik bazadan kolleclərə qəbulda balların artmasını müşahidə edəcəyik. Biz balların yüksək olmasını İT, hüquq, müəllimlik, tibb yönümlü ixtisaslarda daha çox müşahidə edəcəyik. Lakin yeni iki ali təhsil müəssisəsinin, eləcə də yeni kolleclərin fəaliyyətə başlaması, plan yerlərinin keçən illə müqayisədə artırılması fonunda müəyyən qədər stabilliyi qoruyacaq”.

Təhsil eksperti düşünür ki, blok imtahanında da keçən illə müqayisədə nəticələr daha yaxşı olacaq:

“Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, nəticələrin yüksək olması "keçən il 300 bal toplayan şagirdlər olmayıb və əvvəlki illərdə niyə 300 bal toplayanlar 5 nəfəri belə keçməyib?" sualını yaradıb. Nəzərə alaq ki, müsabiqə şərti bərabər əsaslarla keçirilir, burada abituriyentin nəticələri önəmlidir. Fərz edək ki, məsələn, keçən il suallar çətin salınıb və nəticələr bu ilə nisbətən aşağı idi. İxtisas seçimi də o nəticələrə uyğun aparıldı və yerləşdirilmə o nəticələr əsasında həyata keçirildi. Bu il yüksəkdirsə, faktiki nəticələr əsasında müsabiqə keçiriləcək. Bunu nəzərə aldıqda, haqsızlıqdan söhbət gedə bilməz. Abituriyentləri ixtisas seçimi zamanı maksimum diqqətli olmağa çağırıram. Çünki bu il müsabiqə daha da məsuliyyətli olmağı, düzgün ixtisas seçimi aparmağı tələb edir”.