Prokurorluğun həbs edilən vəzifəli əməkdaşından - MÜRACİƏT
    • 6-05-2019, 13:27
    • 1 504

Prokurorluğun həbs edilən vəzifəli əməkdaşından - MÜRACİƏT

Bakı Şəhər Prokurorluğunun dələduzluq etdiyi üçün həbs edilmiş keçmiş dəftərxana rəisi Qurbanov Elçin Müzəffər oğlu Ali Məhkəməyə müraciət edib. 

News24.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.1-ci, yəni dələduzluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş E.Qurbanov iş üzrə ona bəraət verilməsini tələb edib. İş hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, E.Qurbanov həbs ediləndən sonra Bakı şəhər Prokurorluğu Elçin Qurbanovla bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumatda qeyd olunur ki, Elçin Müzəffər oğlu Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib. Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Müzəffər oğlu Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

E.Qurbanov bir neçə tanışı ilə birgə Bakı şəhər sakininin atasını həbsdən azad edəcəyi vədini verərək ondan pul alıb. Lakin sonradan həmin şəxslər verdikləri vədə əməl etməyiblər. Vətəndaşın şikayəti əsasında E.Qurbanov və digər şəxslər saxlanılıb.

Cinayət işi 2018-ci il avqustun 20-də baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.