-
- 7-05-2019, 17:10
- 814
Əli Həsənovun təşəbbüsü ilə çəkilən film - Təqdim edildi- VİDEO
Bu gün tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə çəkilən “Şuşanın dağları qara dumanlı” sənədli filminin təqdimat mərasimi keçirilib.
News24.az-ın məlumatına görə, ARB Aran telekanalının dəstəyi və əməkdar jurnalist Mübariz Əsgərovun müəllifliyi ilə çəkilən filmin təqdimat mərasimində ilk olaraq Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış etdi. Bildirdi ki, film 27 il öncə Şuşanın işğalı zamanı çəkilən kadrlar əsasında hazırlanıb: "Mayın 8-də Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğal olunmasının 27-ci ildönümüdür. Əlbəttə, ermənilərə havadarlar dəstək olmasaydı, onlar bizim torpaqlarımızın bir qarışını belə ala bilıməzdilər. O zaman Naxçıvanın da üstünü qara dumanlar almışdı, yalnız ümummilli lider Heydər Əliyevin müdaxiləsindən sonra Naxçıvan azad olundu. Əgər Heydər Əliyev o zaman hakimiyyətdə olsaydı, bizim bir qarış torpağımız işğal oluna bilməzdi. Azərbaycanda o zamankı hakimiyyətin məsuliyyətsizliyi, özbaşınalığı Şuşanın və digır torpaqlarımızın itirilməsinə səbəb olub. Bu gün təqdimatına yığıldığımız filmdə həmin tarix, o zaman Şuşada baş verənlər olduğu kimi əksini tapıb. Bu baxımda tarix elmləri doktoru, professor Əli Həsənovun təşəbbüsü ilə çəkilən bu filmi olduqca önəmli sayıram və onu ərsəyə gətirənlərə təşəkkürəm edirəm”.
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı da çıxışında filmin təqdirəlayiq olduğunu bildirdi: “Filmə baxanda hiss olunur ki, Mübariz bəy onun üzərində çox zəhmət çəkib. Bu film bizi 2 suala cavab verməyə vadar edir. Onlardan biri odur ki, bu film bizdən soruşur - millət olaraq biz hansı şəraitdə torpaqlarımızı itirmişik. İkincisi isə nə etməliyik, hansı şəraiti yaratmalıyıq ki, torpaqlarımızı işğalçılardan geri ala bilək? Fikrimcə, filmin nəzəri - fəlsəfi mahiyyəti bundan ibarətdir”.
Əməkdar jurnalist Mübariz Əsgərov isə filmlə bağlı bu fikirləri səsləndirdi: “Həmin dövrdə ölkə rəhbərinin Şuşanı unutması, siyasi özbaşınalıqlar onun işğalına gətirib çıxardı. Filmin əsas məzmunu bundan ibarətdir. Bu hadisələrə bir daha baxmaq bizləri ağrıdır. Əgər ağrıdırsa, deməli, Şuşa hələ itirilməyib. Aprel döyüşləri onu göstərdi ki, Azərbaycan ordusu öz torpaqlarını geri qaytarmağa tam hazırdır”.
Tədbirdə eyni zamanda, millət vəkilləri, ictima-siyasi xadimlər Şuşa ilə bağlı xatirələrini və film haqqında fikirlərini bölüşdülər.
Afaq Mirayiq
Video-foto - Fərid Şabanov