Azərbaycan vətəndaşı ölkə xaricinə köçərkən pensiyası dayandırılır? - AÇIQLAMA
    • 20-05-2024, 16:23
    • 347

Azərbaycan vətəndaşı ölkə xaricinə köçərkən pensiyası dayandırılır? - AÇIQLAMA

Tanınmış vəkil Turan Abdullazadə iş fəaliyyəti və ya hər hansı səbəbdən xarici ölkəyə köçən, lakin Azərbaycan vətəndaşlığından çıxmayan şəxslərə pensiya, təqaüd və müavinətlərin verilməsinin dayandırılması barədə suallara aydınlıq gətirib. 

News24.az bildirir ki, T.Abdullazadə Pravda.az-a açıqlamasında deyib ki, Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir, bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir. 

“Konstitusiyamızın 53-cü maddəsinə əsasən, Azərbaycan öz  ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir. Vətəndaşlıq hüququnun təminatı üçün Azərbaycan dövləti öz orqanlarının və vəzifəli şəxslərinin simasında Azərbaycan Respublikası vətəndaşları qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin ərazisində yaşaması Azərbaycan Respublikası vətəndaşlığının xitamına səbəb olmur. Azərbaycanın dövlət orqanları, xarici dövlətlərdəki və beynəlxalq təşkilatlardakı diplomatik nümayəndəlikləri və konsulluqları, habelə onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının bütün hüquqlardan tam həcmdə istifadə edə bilmələri üçün tədbirlər görməyə, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada onların qanunla qorunan hüquq və mənafelərini müdafiə etməyə, zərurət olduqda isə Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının bərpası üçün tədbirlər görməyə borcludurlar. Azərbaycan vətəndaşının ölkə xaricinə köçməsi onun sosial təminat hüququna xitam vermir. Əgər onun pensiya hüququ yaranmışdırsa, vətəndaşa Azərbaycanda olarkən verilən müavinət, pensiya, təqaüd ölkə xaricində yaşamasına baxmayaraq dayandırılmır”, - vəkil bildirib.