“Halikarnas balıqçısı” komandası beynəlxalq çempionatda qızıl medal qazandı - FOTO-VİDEO
    • 9-05-2019, 12:48
    • 2 282

“Halikarnas balıqçısı” komandası beynəlxalq çempionatda qızıl medal qazandı - FOTO-VİDEO

Aprelin 30-dan mayın 6-dək Türkiyənin İzmir şəhərində keçirilən “EPAD Kemalpaşa Best Cook Fest 2019” Beynəlxalq Kulinariya çempionatında Azərbaycan Milli Kulinariya komandası iştirak edib. Kulinarlarımız Azərbaycana qızıl və gümüş medallarla geri dönüblər.

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov “Halikarnas Balıqçısı” restoranında baş tutan görüşdə bildirib. Onun sözlərinə görə, Azərbaycan bu yarışlarda tərəfdaş ölkə kimi iştirak edib: “Tədbirdə 30 ölkə iştirak edirdi. Azərbaycan tədbirdə 10 nəfərlik heyətlə iştirak etdi. Mən nümayəndə heyətinin rəhbəri kimi, Leyla Kərimli- komanda kapitanı, münsif və iştirakçı olaraq, “Halikarnas Balıqçısı” restoranının direktoru Eyyub Niyazov isə münsif kimi çıxış etdik. Bu iki gün ərzində İzmirdə nümayəndə heyətimizə gənc mütəxəsis Leyla Kərimli rəhbərlik etdi. Yarışlarda iştirak edən komanda heyətimizdə yalnız Leyla Kərimli və MirMövsüm Dadaşovun yarış təcrübəsi var idi. Digər yarış iştirakçılarının hamısı yarışlarda ilk dəfə çıxış edən gənc aşbazlar idi. Komanda yarışlarında ölkəmizi Bakı “Halikarnas Balıqçı” restoranı təmsil edirdi. “Halikarnas balıqçısı” komandası yarışlarda qızıl medal qazandı. Qara qutu yarışlarında isə ölkəmizə 2-ci yeri qazandırdı. Ən gənc komanda üzvi Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Gülnur Nağızadə qızıl və gümüş medal qazandı. Ümumiyyətlə, yarışlarda komandamız  iki  komanda, 14 fərdi yarışlarda iştirak etdi. Beləliklə cəmi 16 medal, 1 kubokla komandamız bütün siniflərdə yüksək nəticə göstərdi”.

AMKM prezidenti onu da bildirib ki, mayın 5-də bir sıra ölkələrin Kulinariya Assosiasiya prezidentləri arasında əməkdaşlıq və dostluq müqavilələri imzalanıb. Tədbirdə sonda qaliblər də çempionat haqqında təəssüratlarını bölüşüblər. O da bildirilib ki, mayın 1-də də Qırğızıstanın Bişkek şəhərində "Kazan Manqal" Festivalı keçirilib. Tədbirdə Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan və digər ölkələr iştirak edib. Azərbaycan münsiflər heyətində, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Gülnar Ələsgərova tərəfindən təmsil olunub. Azərbaycan mətbəxi üzrə usta siniflər keçirilib.

Afaq Mirayiq
Foto-video Fərid Şabanov