Şimşək:
    • 23-05-2024, 15:18
    • 282

Şimşək: "TL bir qədər ucuzlaşacaq"

Türkiyə Xəzinə və maliyyə naziri Mehmet Şimşək Türkiyə ilə ərəb ölkələri arasında ticarət və investisiyaları artırmağın əsas yolunun azad ticarət müqavilələri (STA) olduğunu bildirib.

News24.az xəbər verir ki, İstanbulda keçirilən Beynəlxalq Ərəb Bankçılıq Sammitinin açılışında çıxış edən Şimşək ərəb ölkələri ilə Türkiyə arasında iqtisadi əlaqələrin gücləndirilməsindən danışıb.

Ərəb ölkələrinin sərmayə ixrac edən ölkələr olduğunu və iqtisadiyyatlarını şaxələndirmək və istehsal sektorunda inkişaf etmək istədiklərini ifadə edən Şimşək, Türkiyəyə sərmayə qoymaqla buna nail ola biləcəklərini bildirib.

ƏRƏB ÖLKƏLƏRİNƏ STA ÇAĞIRIŞI

"Bizim aramızdakı siyasi əlaqələr əla vəziyyətdədir. Bundan necə faydalana bilərik, bundan hər iki tərəf üçün ən faydalı şəkildə necə istifadə edə bilərik. Düşünürəm ki, yalnız azad ticarət sazişləri bunun həllini təşkil edir. Ərəb ölkələri bundan (STA-lardan) çəkinməməlidir” deyib.

Şimşək Türkiyə ilə ərəb ölkələri arasında əməkdaşlığın ən asan şəkildə qurula biləcəyi sahələrin turizm, inşaat və müdafiə sənayesi olduğunu bildirib.

Türk müdafiə sənayesinin son illərdə inkişaf layihələrinin sayı və ixrac həcminin artması ilə əldə etdiyi irəliləyişlərə diqqət çəkən Şimşək, "Qonşu ölkələrlə ortaq dizayn, inkişaf və istehsal fəaliyyətləri həyata keçiririk" əlavə edib. Tikinti sektorunun Afrika, Orta Asiyanın yanında Liviya, Suriya və Ukraynada da ortaq rol oynaya biləcəklərini də ifadə edib.

“TL-DƏ BİRAZ DƏYƏR İTKİSİ OLA BİLƏR”

Nazir Şimşək qarşıdakı dövrdə türk lirəsində bir qədər ucuzlaşmanın ola biləcəyini, lakin volatilliyin aradan qalxdığını bildirib.

Şimşək, "TL-də bir qədər zəiflik olacaq, lakin volatillik əhəmiyyətli dərəcədə azaldı. Proqramdan əvvəl olan volatillik (həddən artıq qiymət olaraq təyin olundu) indi inkişaf etməkdə olan ölkələrin valyutalarının izlədiyi band daxilindədir" deyib.


Günel Məlikzadə