-
- 28-05-2024, 23:30
- 290
Apple-da gözlənilməz dəyişiklik
Apple-ın yeni iPad Pro modellərini təqdim etdikdən sonra Fransanın Numerama xəbər saytı Apple şirkətinin üç yüksək vəzifəli əməkdaşı ilə müsahibə aparıb. Bu müsahibədə çox da yeni məlumat açıqlanmasa da, gələcək iPad modellərində Apple loqotipində mümkün və əhəmiyyətli bir dəyişiklikdən bəhs edilib.
News24.az xəbər verir ki,v hazırda iPad-lərin arxasındakı Apple loqosu cihazın arxasında şaquli vəziyyətdədir. Lakin istifadəçilər öz cihazlarını klaviatura ilə istifadə etdikdə adətən onları üfüqi vəziyyətdə saxlayırlar və bu zaman loqo yan tərəfdə görünür. Apple həmçinin yeni iPad Pro və iPad Air modellərində üfüqi istifadə üçün ön kameranı uzun tərəfə yerləşdirib. Bu, cihaz landşaft vəziyyətində olduqda kameranı yuxarı mərkəzdə yerləşdirməyə imkan verir.
Apple məhsullarının dizayneri Molly Anderson bildirib ki, gələcəkdə iPad-lərdə üfüqi Apple loqosu istifadə oluna bilər. "Düşünürəm ki, bu dəyişə bilər" Anderson deyib. Biz bu haqda düşünürük. "iPad uzun müddətdir portret rejimində istifadə olunur, lakin biz onu landşaft rejimində getdikcə daha çox istifadə edirik" deyib.
Apple proqram təminatı sahəsində ilk addımı iPadOS 14.5 ilə atıb. Bu yeniləmədən etibarən iPad landşaft rejimində olarkən cihaz açıldığında görünən Apple loqosu da üfüqi şəkildə göstərilməyə başlayıb. Apple-ın hardware tərəfində bu dəyişikliyi etməyə açıq olduğunu nəzərə alsaq, çox güman ki, bu yeniliyi gələcək iPad-lərdə görəcəyik.
Görünür, Apple bu dəyişikliklə istifadəçi təcrübəsini təkmilləşdirməyi hədəfləyir. Üfüqi istifadənin getdikcə adi hala çevrildiyini nəzərə alsaq, bu yenilik məntiqli bir addım ola bilər.
Günel Məlikzadə