Avropa İttifaqının Bakıya COP29 şantajı
    • 31-05-2024, 14:28
    • 240

Avropa İttifaqının Bakıya COP29 şantajı

Qurum son bəyanatında insan haqlarına görə tutulanların azad olunmadığını tənqid edib,  Azərbaycanın COP29-a sədrliyini siyasi motivlərlə kölgələməyə çalışıb - sərt reaksiyalar 

Mayın 29-da Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik xidmətinin mətbuat katibi Azərbaycanda əfv aktı ilə bağlı bəyanat verib. “Yeni Müsavat” bildirir ki, mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev 154 məhkumun əfv edilməsi haqqında sərəncam imzalayıb.

Aİ yaydığı bəyanatda açıqlayıb ki, keçmişdən fərqli olaraq bu il fərmana fundamental hüquqlarını həyata keçirdiklərinə görə cəza çəkən şəxslər daxil edilməyib. “Avropa İttifaqı Azərbaycanın əsas hüquqlarını həyata keçirdiklərinə görə həbsdə olan bütün şəxsləri azad etməyə, məhbuslar üçün ləyaqətli və təhlükəsiz şəraiti, o cümlədən onların sağlamlıq və müstəqil hüquqi xidmətlərdən tam istifadəsini təmin etməyə çağırmaqda davam edir. Azərbaycanın noyabr ayında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Qlobal Konfransının (COP29) mərkəzində vətəndaş cəmiyyətinin iştirakı dayanır. COP29 Azərbaycan üçün beynəlxalq hüquq üzrə öhdəliklərinə sadiqliyini təsdiqləmək, azad və müstəqil vətəndaş cəmiyyətinin işi üçün şərait yaratmaq imkanıdır”, - deyə Aİ vurğulayıb. 

Aİ bəyan edib ki, bu, həm də 2021-ci ilin dekabrında “Şərq Tərəfdaşlığı” sammiti bəyannaməsində təkrarlandığı kimi, Azərbaycanın “Şərq Tərəfdaşlığı”nın üzvü kimi öhdəliklərinə uyğundur: “Avropa İttifaqı Azərbaycanda bütün insanların mənafeyi naminə insan hüquqları və qanunun aliliyi də daxil olmaqla, əməkdaşlığımızın bütün əsas istiqamətləri üzrə Azərbaycanla dialoqu davam etdirməyə sadiqdir”. 

“Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano tərəfindən səsləndirilən qərəzli və qəbuledilməz bəyanatı tamamilə rədd edirik”.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadənin Avropa İttifaqının bəyanatına dair şərhində bildirilib.

 “Aİ nümayəndəsinin bəyanatı Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı reallıqdan uzaq olmaqla yanaşı, açıq-aşkar saxtakarlıqlarla doludur. Müəyyən fəaliyyətlərin qeyri-qanuni maliyyələşdirilməsi, qanunsuz maliyyə əməliyyatları və s. kimi bir sıra cinayət araşdırmaları ilə əlaqədar saxlanılan şəxslərin məsələsi müvafiq cinayət icra rejimi qanunlarının tələbləri çərçivəsində həyata keçirilir. Cinayət işlərinin və təhqiqatların, habelə məhkəmə qərarlarının nəticələrini gözləmək əvəzinə, təqsirləndirilən şəxslərin azad edilməsi üçün Azərbaycana çağırışların edilməsi hüquqi prosedurlarla açıq ziddiyyət təşkil edir”, - XİN rəsmisi qeyd edib.

“Azərbaycan bu sahədə kifayət qədər təcrübəyə, biliyə, müdrikliyə malikdir, beləliklə məcburedici məsləhət və göstərişlərə ehtiyac duymur. Eyni zamanda Azərbaycanın COP29-a sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq istiqamətində ideyanın mahiyyətinə ziddir. Azərbaycan beynəlxalq hüquqi öhdəliklərini yerinə yetirməyə bundan sonra da davam edəcək və Aİ-nin müəyyən institutlarını İttifaq ərazisində insan hüquqlarının kobud şəkildə pozulmasına diqqət yetirməyə, Azərbaycana qarşı müdaxilə və təxribatlarını dayandırmağa çağırır”, - mətbuat katibi vurğulayıb.

Çingiz Qənizadə: 2023-cü il Azərbaycan xalqının yaddaşında dövlət  suverenliyimizin bərpası kimi əbədi qalacaq - AZƏRTAC

Çingiz Qənizadə

Aİ-nin bəyanatını şərh edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, qurumun açıqlaması qərəzlidir və həqiqəti əks etdirmir. Onun sözlərinə görə, əvvəla, kimliyindən asılı olmayaraq azadlıqdan məhrum edilmiş şəxslərin əfv edilməsi alqışlanmalıdır, çünki humanist addımdır: “İkincisi, ölkədə siyasi məhbus yoxdur. Prosessual hüquqları pozula bilən insanlar var və olub. Bundan ötrü təqsirləndirilənlərin vəkilləri də kifayət qədər onları müdafiə edə bilirlər və pozulmuş hüquqlarının bərpası üçün real imkanlar var. O baxımdan siyasi məhkumdan söhbət gedə bilməz. Eyni zamanda Avropa Şurasının özü belə "siyasi dustaq" ifadəsinin kriteriyalarını müəyyən edə bilməyib". 

Ç.Qənizadə qeyd etdi ki, təkcə əfv olunan insanların - 154 nəfərin sevindiyini deyə bilmərik, eləcə də onların ailə üzvləri, yaxınları, qohumları, dostları üçün müjdədir: “Ümumilikdə, əfv sərəncamına sevinən insanların sayı minlərlədir. Ona görə də mən Avropa İttifaqının bəyanatını yersiz sayıram. Bundan əlavə, hüquq-müdafiə təşkilatları olaraq həmişə əfv fərmanlarını alqışlamışıq. Avropa İttifaqına bu qərəzli mövqeni qətiyyən yaraşdırmıram. Görünür, Azərbaycanın torpaqlarını azad etməsi, ermənilərin dağıtdıqları əraziləri bərpa etməsi xoşlarına gəlməyib və hər dəfə bunu hiss etdirirlər”.