Ceyhun Bayramov Avropa komissarı ilə COP29-dan danışdı
    • 20-06-2024, 20:51
    • 508

Ceyhun Bayramov Avropa komissarı ilə COP29-dan danışdı


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstranı qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə istiqamətində təşəbbüslərinin həyata keçirilməsində əməkdaşlıq məsələləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov ölkəmizin COP29 sədrliyi çərçivəsində əsas istiqamət və prioritetlər, milli və beynəlxalq səviyyədə görülən işlər, habelə COP29-a hazırlıq fəaliyyəti barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın prosesin davamlılığını və inklüzivliyini təmin etmək üçün öncəki COP sədrlikləri, o cümlədən beynəlxalq maliyyə təşkilatları, özəl sektor nümayəndələri də daxil olmaqla, bütün tərəflərlə yaxından işlədiyi diqqətə çatdırılıb.

Görüşdə həmçinin ölkəmizin “yaşıl enerji” sahəsində prioritetləri barədə qarşı tərəfə məlumat verilib.

Komissar Vopke Hukstra Azərbaycan tərəfindən COP29 sədrliyi çərçivəsində görülən işlərin vacibliyini, habelə bu istiqamətdə Aİ-nin mümkün dəstək və əməkdaşlıqda maraqlı tərəflərdən biri olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.