Azərbaycanda benzinin və dizelin qiymətləri ilə bağlı VACİB XƏBƏR
    • 25-06-2024, 17:45
    • 6 977

Azərbaycanda benzinin və dizelin qiymətləri ilə bağlı VACİB XƏBƏR

Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq. Bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb. Bildirilir ki, qiymət artımı çox olmayacaq. Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

Bəs Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin qiyməti artacaq?

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli News24.az-a bildirib ki, parlament seçkiləri öncəsi benzin qiymətinin artırılması ağlabatan deyil:

“Birincisi dünya bazarlarında neftin qiymətində bahalaşma yoxdur. Əksinə, əgər maksimal hədləri götürsək, təqribən 15 faiz ucuzlaşma var. Yəni bu benzin qiymətinin artırılmasına zəmin yaratmır. Bundan əlavə yaxın aylarda Azərbaycanda seçkilərdir. Düşünmürəm ki, seçkilərdən öncə belə həssas bir məsələdə hökumət və ya Tarif Şurası hər hansısa bir qərar versin. Bu il ərzində ölkədə hansısa bir kommunal xidmətlərlə bağlı qiymət artımının olacağına inanmıram”.

İqtisadçı qeyd edib ki, gələn ildən sonra hökumətin bu sahədə qərarları daha rahat olacaq və bu zaman hansısa qiymət artımından söhbət gedə bilər: “O zaman bəli! daha rahat bir şəkildə hökumət qiymət artımına gedə bilər. Müxtəlif sahələrdə, o cümlədən vergidə, yanacağda, nəqliyyatda, kommunal xidmətlərdə və digər sahələrdə qiymət artımını görə bilərik. Amma bunun səbəbi dünya bazarları ilə əlaqədar olmayacaq, Azərbaycanın gəlirlərinin aşağı düşməsi ilə bağlı olacaq. Təssüflər olsun ki, hər il gəlirlərimiz aşağı düşür”.

Natiq Cəfərli dövlət gəlirlərinin azalmasını bir neçə səbəblə izah edib. O, gəlirlərin azalmasına daha çox qaz və neft qiymətlərinin dünya bazar qiymətində ucuzlaşmasının təsir etdiyini deyib. Yəni xərclər artır, gəlir isə azalır. Buna görə də gələn ildən başlayaraq, böyük ehtimalla, kommunal xidmətlərin və digər bir sıra sahələrdə artımların olması qaçınılmazdır.

Aqil Qarayev