-
- 1-07-2024, 16:36
- 311
Avropanı sel vurdu: Ölənlər var
İtaliya, İsveçrə, Fransa kimi Avropa ölkələrində sel var.
News24.az xəbər verir ki, Fransa və İsveçrədə qasırğanın yaratdığı daşqınlar nəticəsində 7 nəfər ölüb. Yüzlərlə insan təxliyə edilib.
Həftə sonu Fransa, İtaliya və İsveçrədə güclü fırtınalar müşahidə olunub. Göy gurultulu tufanlar hər üç ölkəyə daşqınlar gətirib. Daşqın sürüşmələrə səbəb olub.
Fransa və İsveçrədə insan itkiləri var. İsveçrənin cənubunda Ron çayı və onun qollarının daşması nəticəsində yollar bağlanıb. Yüzlərlə insan sel bölgəsindən helikopterlərlə təxliyə edilib. Hava şəraiti ilə əlaqədar təxliyyənin çətinləşdiyi bildirilir.
Qeyd edək ki, oxşar mənzərələr İtaliyanın şimalında da yaşanıb. Selin ortasında qalan avtomobildə olanlar helikopterlə xilas edilib. Təxliyə edilən üç nəfərdən biri üç aylıq körpə olub.
Ötən həftə sonu İsveçrədə güclü yağış yağıb. Ölkənin cənub-şərqinə təsir edən daşqın nəticəsində bir nəfər ölüb, böyük dağıntılar baş verib.
Alimlər bildirirlər ki, qlobal istiləşmə ilə əlaqədar ekstremal təbii hadisələrin şiddəti və tezliyi artır, onların təsir müddəti uzanır.
Onu da bildirək ki, ABŞ-ın Nyu-York, Nyu Cersi və Konnektikut ştatlarında baş verən şiddətli fırtınadan sonra küçələr su altında qalıb. Gündəlik həyata mənfi təsir edib. Fırtınadan sonra səmada “Mammatus” kimi tanınan buludlar müşahidə edilib.
Günel Məlikzadə