AZAL-dan çağırış: Saxta kampaniyalar...
    • 6-07-2024, 18:11
    • 296

AZAL-dan çağırış: Saxta kampaniyalar...


Azərbaycanın milli aviadaşıyıcısı Azərbaycan Hava Yolları QSC (AZAL) ictimaiyyəti ayıq olmağa və saxta kampaniyalara inanmamağa çağırır.

News24.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, son zamanlar sosial şəbəkələrdə AZAL-ın adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur. Kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edirlər, “investisiya layihəsi”nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.

"Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər", - məlumatda deyilir.

Qeyd olunur ki, vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.

"Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir", - QSC bildirir.