İlham Əliyevlə Asif Əli Zərdarinin geniş tərkibdə görüşü oldu
    • 12-07-2024, 13:36
    • 461

İlham Əliyevlə Asif Əli Zərdarinin geniş tərkibdə görüşü oldu

İslamabadda iyulun 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanın Prezidenti Asif Əli Zərdari ilə geniş tərkibdə görüşü olub.

News24.az xəbər verir ki, görüşdə ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi. Pakistanın və Azərbaycanın daim bir-birini dəstəkləməsi, xüsusilə torpaqlarımız otuz il ərzində işğal altında olduğu dövrdə Pakistanın Azərbaycana siyasi dəstəyi, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi, beynəlxalq hüququn prinsiplərini rəhbər tutması yüksək qiymətləndirildi.

Hazırda ölkələr arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Prezident Asif Əli Zərdari Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

İlham Əliyev Pakistan Prezidentini COP29-a dəvət etdi.

Söhbət zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələrin, investisiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.