İşığın qiyməti ucuzlaşa bilər?
    • 16-07-2024, 11:20
    • 454

İşığın qiyməti ucuzlaşa bilər?

Azərbaycanda günəş enerjisi istehsalı rekord səviyyədə artıb. Belə ki, bu ilin ilk yarısında günəş enerjisi istehsalı 9 dəfə artaraq 32,3 mln. kVt·stdan 286,6 mln. kVt·sta çatıb. Ölkə üzrə elektrik enerjisinin istehsalı 13 557,4 mln. kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 29,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 286,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik istehsalı ötən ilin müvafiq dövrünə (1081.7 mln. kVt·st) nisbətən iki dəfəyə yaxın artaraq 2032.4 mln. kVt·st-a çatıb.

News24.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

"COP29-a ev sahibliyi edəcək Azərbaycanda bərpa olunan mənbələrdən enerji istehsalının artırılması regionda yaşıl enerji zonasının genişlənməsinə dəstəkdir. Bu ölkəmizin iqlim dəyişikliyi və ətraf mühitin qorunması, eləcə də yaşıl iqtisadiyyatın güclənməsi ilə bağlı qlobal və regional hədəflərə töhvəsidir.

İnkişaf etmiş ölkələrdə icmalar və eləcə də ailələr bərpa olunan enerji mənbələrdən, o cümlədən külək və günəş şüalarından enerji istehsal edərək həm öz istehlaklarını ödəyirlər, həm də artıq hissəni dövlətə satırlar. Oxşar praktikanın Azərbaycanda tətbiq olunması elektrik enerjisi istehsalını artırmaqla yanaşı vətəndaşların daha ucuz enerji almasına gətirib çıxara bilər. Bu enerji istehsalı və satışına yeni yanaşmanın tətbiqinə imkan yaratmaqla yanaşı enerji xəclərini azalda bilər. Bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması da vacibdir.

Qeyd edək ki, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 Mvt dəyərləndirilir. Bunun 23000 Mvt-ı günəş, 3000 Mvt-I isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar, bütün ölkə ərazisində istehsalın təşkili mümkündür. Külək enerjisi üçün isə Bakı şəhəri, Abşeron və Xızı rayonları daha əlverişli hesab olunurlar", - deyə o bildirib.