-
- 22-07-2024, 15:00
- 365
Netanyahu ABŞ-a kritik səfərə çıxıb
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində mühüm çıxış etmək üçün səhər saatlarında Vaşinqtona yola düşüb.
News24.az xəbər verir ki, tarix boyu yaxınlığı ilə tanınan iki ölkə arasındakı münasibətlər son aylar Qəzzadakı müharibə səbəbindən son dərəcə gərginləşib.
Netanyahu səfəri “böyük siyasi qeyri-müəyyənlik” dövründə baş tutan “çox mühüm səfər” adlandırıb. Bunu ABŞ prezidenti Co Baydenin yenidən seçilmək istəməməsi qərarını və Vaşinqtonun İsraili HƏMAS ilə atəşkəs sazişi imzalamağa çağırmasını əsas gətirib.
Netanyahu deyib ki, ABŞ-da noyabrda keçiriləcək seçkilərdə kimin prezident olmasından asılı olmayaraq, İsrail ABŞ-ın Yaxın Şərqdəki ən güclü müttəfiqi olacaq.
Qeyd edək ki, Netanyahunun iyulun 24-də Vaşinqtona səfəri zamanı ABŞ Konqresində çıxış edəcəyi və bu səfər çərçivəsində ABŞ prezidenti Co Baydenlə görüşünün gözlənildiyi bildirilib.
Eyni zamanda, Netanyahu Vaşinqtona uçan təyyarəyə minməzdən əvvəl jurnalistlərə deyib ki, prezidentliyə namizədliyindən geri çəkilən Baydenə İsrail üçün etdiklərinə görə təşəkkür edəcək.
Günel Məlikzadə