Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatdı
    • 22-07-2024, 21:30
    • 598

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatdı

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay uzatmaq qərarına gəlib.

News24.az xəbər verir ki, Aİ Şurası Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin 2025-ci il yanvarın 31-dək uzadıldığını açıqlayıb.

Bəyanatda Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumundan sonra Aİ sanksiyalarının əhəmiyyətli dərəcədə genişləndirildiyi xatırladılıb.

Qeyd edək ki, Aİ indiyədək Rusiyaya qarşı 14 sanksiya paketini həyata keçirib.

Bu kontekstdə Rusiyaya qarşı ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli məhsullar, qızıl və almaz, o cümlədən neft və kömür kimi geniş məhdudiyyətlər tətbiq edilir.

Onu da bildirək ki, Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neftin və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması, bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması da sanksiyalar sırasındadır.

Günel Məlikzadə