-
- 23-07-2024, 12:16
- 311
Hacı İbrahim Nehrəmlinin qardaşı hakim qarşısına çıxarılır – Bakıda DƏHŞƏTLİ PARTLAYIŞ
Bu ilin yanvarın 15-də paytaxtın Binəqədi rayonunda baş verən, 10 nəfərin həyatına son qoyan dəhşətli partlayışla bağlı cinayət işinin istintaqı yekunlaşıb. Musavat.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Səbinə Məmmədzadənin icraatına verilib.
News24.az Musavat.com-a istinadla xəbər verir ki, dəhşətli partlayış 2024-cü il yanvarın 15-də paytaxtın Dərnəgüldə yerləşən mebel sexində baş verib. Partlayış o qədər güclü olub ki, sexin damındakı ağır tonnajlı beton plitələr havaya qalxaraq ətrafa səpələnib. Dəhşətli partlayışdan sonra hadisə yerində 10 nəfərin cəsədi aşkar olunub. 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Partlayış-yanğınla bağlı istintaq tədbirləri ilə əlaqəli Tağı İbrahimovla Toğrul Rzayev həbs olunublar. Tağı İbrahimov partlayışın meydana gəldiyi “Bakı Ağac Emalı” ASC-nin sahibidir. Toğrul Rzayev isə ASC-ni faktiki olaraq idarə edən şəxs olub. ASC-nin ilk qanuni təmsilçisi isə Həmid Kazım oğlu İbrahimov olub. Həmid İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun yaxın qohumu olub və 2020-ci ildə dünyasını dəyişib. ASC isə Nazim İbrahimov komitə sədri olduğu ildən bir il sonra, yəni 2009-cu ildə Həmid İbrahimovun adına keçirilib.
Qeyd edək ki, ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və onun qardaşı, “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Tağı İbrahimova məxsus sexdə baş verən dəhşətli partlayış-yanğından sonra müxtəlif versiyalar səsləndirilsə də, istintaq ilkin olaraq bu qənaətə gəlib ki, hadisə taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yaymışdı. Taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində bu dərəcədə dəhşətli partlayışı meydana gətirməsi Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində istintaq olunub. İstintaq zamanı toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrini yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar vermədiyi üzə çıxıb. ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirləri seçilib.
Qeyd edək ki, Tağı İbrahimov Hacı İbrahim Nehrəmlinin qardaşıdır.