-
- 23-07-2024, 18:25
- 646
Yaddaş itkisinin yeni növü AŞKARLANDI - Alimlərdən XƏBƏRDARLIQ!
Alimlər yaddaş itkisinin yeni növünü müəyyən ediblər.
News24.az Sfera.az-a istinadla xəbər verir ki, Alzheimer xəstəliyinə bənzər, lakin daha yavaş irəlilədiyi düşünülən bu xəstəliyin diaqnozu daha təsirli müalicələrin tətbiqini təmin edə bilər.
Ən çox rast gəlinən demans növü olan Alzheimer, yaddaş itkisi, düşünmə və qərar vermə bacarıqlarının azalması, danışmaqda çətinlik kimi əlamətlərlə özünü göstərir. Alzheimer xəstəliyinə bənzər limbik-dominant amnestik neyrodegenerativ sindrom (LANS) beynin limbik sisteminə təsir edir və yaddaş itkisinə səbəb olur. Amma indiyə qədər LANS-in simptomları ancaq ölümdən sonra insanın beyninin müayinəsi ilə üzə çıxırdı. Buna görə də əksər hallarda xəstələrə ya Alzheimer diaqnozu qoyulur, ya da diaqnoz qoyula bilmirdi.
İyulun 17-də "Brain Communications" jurnalında dərc edilən araşdırmada bu pozğunluğun aşkarlanması üçün yeni meyarlar müəyyən edilib. Tədqiqatçılar deyiblər ki, bu yolla daha yaxşı müalicə üsulları inkişaf etdirilə bilər. Alimlər qocalmış yaşda ölən ən azı 200 nəfərin məlumatlarını araşdırıblar. Təhlildən sonra onlar belə qənaətə gəliblər ki, LANS ən azı 75 yaşında olan insanlarda yavaş-yavaş proqressiv yaddaş itkisi ilə xarakterizə olunur. Tədqiqatçılar LANS-in yaddaş üçün kritik olan limbik sistemdə TDP-43 adlı zülalın yığılması ilə meydana gəldiyini düşünürlər. Ancaq bunu təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğu bildirilib.
Tədqiqat nəticəsində məlum olub ki, LANS, Alzheimerdən fərqli olaraq, əsasən, yaddaşa təsir edir. Alzheimer müalicəsində istifadə edilən dərmanlar riskli ola biləcəyi üçün, LANS-in müəyyən edilməsi bu müalicələrin ehtiyacı olmayan insanlara tətbiq edilməsinin qarşısını ala bilər.