Keçəllikdən xilas edən YENİ ÜSUL
    • 30-07-2024, 19:00
    • 233

Keçəllikdən xilas edən YENİ ÜSUL

Alimlər təsadüfən keçəlliyin yeni müalicə yolunu kəşf ediblər. Belə ki, orqanizmdə mövcud olan təbii şəkərin (2dDR) saç uzanmasına kömək edə biləcəyi aşkar olunub.

News24.az xəbər verir ki, bu barədə Şeffild Universiteti və Pakistan COMSATS Universitetinin alimləri uzunmüddətli tədqiqatlardan sonra elan ediblər.

Mütəxəssislərin sözlərinə görə, əslində tədqiqatda məqsəd keçəlliyin müalicəsini tapmaq olmayıb. Onlar 2dDR şəkərinin yaraların sağalmasını nə dərəcədə sürətləndirə biləcəyini öyrənməyə çalışıblar.

2dDR-ni heyvanların dərisinə gel şəklində tətbiq etdikdən sonra isə alimlər müalicə olunan sahələrdə tük böyüməsinin sürətləndiyini, həmçinin tük gövdələrinin qalınlığı və sıxlığının əhəmiyyətli dərəcədə artdığını görüblər. Məlum olub ki, bu faydalı effekt 2dDR-nin saç follikullarını qidalandıran yeni qan damarlarının böyüməsini stimullaşdırmaq qabiliyyəti ilə bağlıdır.

Sonrakı araşdırmalar göstərib ki, şəkər əsaslı gel və minoksidilin 20 gün istifadəsindən sonra kişi tipli keçəlliyi olan siçanlarda tük örtüyü 80-90% bərpa olunub.

Alimlər qeyd ediblər ki, gələcəkdə 2dDR əsaslı vasitələr alopesiyanın müalicəsində klinik praktikaya daxil ola bilər.(Oxu.az)