"Məqsəd Haniyənin öldürülməsi ilə müharibəni uzatmaq idi
    • Bu gün, 16:25
    • 103

"Məqsəd Haniyənin öldürülməsi ilə müharibəni uzatmaq idi"

Rusiya mətbuatının diplomatik mənbələrə əsaslanan xəbərində Fələstin dövlət başçısı Mahmud Abbasın 12-14 avqust tarixləri arasında Rusiyaya səfər edəcəyi, avqustun 13-də isə Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi bildirilib.

News24.az xəbər verir ki, Mahmud Abbas səfərdən əvvəl Rusiya mətbuatına müsahibə verib. Abbas bildirib ki, səfərinin əsas məqsədi Fələstində və beynəlxalq aləmdə baş verən son hadisələrlə bağlı məsləhətləşmələr aparmaq, ikitərəfli münasibətləri bütün sahələrdə gücləndirməkdir.

Abbas HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsinin Qəzzaya qarşı müharibənin "uzadılması" və "əhatə dairəsinin genişləndirilməsi" məqsədilə həyata keçirildiyini bildirib.

Qeyd edək ki, sui-qəsdi “təhlükəli inkişaf” kimi xarakterizə edən Abbas, bu sui-qəsdin təcavüzə son qoymaq üçün davam edən danışıqlara da mənfi təsir göstərəcəyini vurğulayıb.

Abbas İsraili öz ambisiyalarından əl çəkməyə, Fələstin xalqına qarşı təcavüzkar hərəkətlərini dayandırmağa, dərhal və davamlı atəşkəslə Qəzza zolağından dərhal geri çəkilməyə çağırıb.

Günel Məlikzadə