-
- 9-08-2024, 14:49
- 11 149
Zəngəzur dəhlizi ilə bağlı vəziyyət DƏYİŞDİ: Ankaranın cavabı… - MÜHÜM YENİLİK
Zəngəzur dəhlizinin sülh müqaviləsindən çıxarılması son zamanlar Cənubi Qafqazda baş verən geosiyasi proseslərdə mühüm hadisələrdən biri kimi diqqət mərkəzindədir. Bu qərar bölgədəki əlaqələrin və əməkdaşlığın inkişafına necə təsir edəcəyi, regional sabitlik və təhlükəsizlik baxımından hansı nəticələrə gətirib çıxaracağı sual doğurur. Zəngəzur dəhlizi müzakirələrindən çıxarılan bu strateji element, xüsusilə Azərbaycanın və Ermənistanın maraqlarını ciddi şəkildə təsir edə bilər.
Maraqlıdır, sözügedən maddənin sülh müqaviləsindən çıxarılmasının səbəbi nədir?
Məsələ ilə bağlı News24.az-a danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, sülh müqaviləsindən Zəngəzur dəhlizi ilə bağlı məsələnin çıxarılması Azərbaycanın bir daha sülhün əldə olunmasına göstərdiyi səyin nəticəsidir:
“Bu indiki halda qarşılıqlı münasibətlərin tənzimlənməsi və sülhün əldə olunması üçün prioritet məsələdir. Zəngəzur dəhlizi ilə bağlı məsələ bəlli olduğu kimi 10 noyabr bəyanatında yer alıb. Bu Ermənistanın üzərinə düşən bir öhdəlikdir. Ermənistan istənilən zaman kəsiyində bu öhdəliyi yerinə yetirməlidir. Ola bilsin ki, Ermənistanın siyasi hakimiyyəti indiki halda həm daxili, həm də xarici amilləri nəzərə alaraq Zəngəzur dəhlizi ilə bağlı məsələnin sülh müqaviləsi çərçivəsində deyil, növbəti mərhələdə həyata keçirilməsini zəruri hesab edir”.
Politoloq qeyd edib ki, nəticə etibarilə Zəngəzur dəhlizi həm Azərbaycan üçün, həm də region üçün olduqca önəmli bir məsələdir. Onun sözlərinə görə, istənilən halda Ermənistan bu öhdəliyindən imtina edə bilməz: “Bu Ermənistan üzərinə düşən bir vəzifədir. Məsələyə kommunikasiya aspektindən danışsaq, bu geniş bir anlayışdır. Əgər kommunikasiya açılmazsa, o zaman Türkiyə ilə Ermənistan sərhədi də açılmayacaq. Bu proses qarşılıqlı olacaq bir məsələdir. Kompleks anlayışdır”.
Elçin Mirzəbəyli əlavə edib ki, Ermənistanın hazırda dünya okeanına, dənizlərə çıxmasına Azərbaycandan daha çox ehtiyacı var. Bu baxımdan kommunikasiya məsələri Ermənistanı daha çox düşündürməlidir.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl Zəngəzur dəhlizinin açılmasının strateji önəmini vurğulamışdı. O, bu dəhlizin həm Azərbaycan və Türkiyə arasında, həm də daha geniş regional miqyasda nəqliyyat və ticarət əlaqələrini gücləndirəcəyini bildirmişdi. Lakin sülh müqaviləsindən çıxarılan bu strateji elementin sonrakı proseslərə necə təsir edəcəyi narahatlıq doğurur.
Aqil Qarayev