-
- 18-08-2024, 12:12
- 200
Festivalda yanğın - 30 nəfər yaralandı
Almaniyanın şərqindəki Saksoniya əyalətində, Leypsiq yaxınlığında “Highfield” musiqi festivalı ərazisində çarxda baş verən yanğın nəticəsində azı 30 nəfər xəsarət alıb.
News24.az-ın məlumatına görə, bu barədə "Bild am Sonntag" qəzeti yerli polisin nümayəndəsinə istinadən yazıb.
Yerli vaxtla saat 21:13 radələrində çarxın kabinələrindən biri yanıb, sonra alov ikinci kabinəyə keçib. “Son məlumatlara görə, dördü polis əməkdaşı olmaqla, 30-dan çox insan yaralanıb, lakin onların hamısının yüngül xəsarət aldığı ehtimal edilir”, - polis sözçüsü qəzetə bildirib. Almaniyanın Qırmızı Xaç Cəmiyyətinin əməliyyat şöbəsinin rəhbərinin sözlərinə görə, iki nəfər ağır yaralanıb.
Hazırda yanğın söndürülüb. Zərərçəkənlər xəstəxanadadır. Nəşr qeyd edib ki, onlar özlərini yaxşı hiss edirlər. Yanğın başlayan zaman dönmə çarxının tamamilə dolu olduğu bildirilir.
Hadisənin səbəbi hələ müəyyən edilməyib. Əraziyə onlarla yanğınsöndürmə briqadası cəlb olunub. Musiqi festivalı dayandırılmayıb.