XƏBƏRDARLIQ! Avqustun 19-21-də...
    • 19-08-2024, 14:30
    • 203

XƏBƏRDARLIQ! Avqustun 19-21-də...

Hesabat dövrü ərzində Günəşin fəallığı əvvəlki səviyyədə qalaraq, həftə boyunca əsasən M sinif alışmalar qeydə alınmışdır.

News24.az bu barədə Şamaxı rəsədzanasının saytına istinadən xəbər verir.

Maksimal sinifli alışma 3784 regionunda qeydə alınan X1.1 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq  II-IV tip radioemissiya və radiosiqnalların ötürülməsində R2-R3 səviyyəli fasilələr və 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 11 ləkə qrupunda 170 ləkə və geoeffektiv olmayan Tac dəliyi müşahidə olunur. Həftə ərzində bir neçə Yerə istiqamətlənmiş komponentə malik Tac Kütlə Atılması (TKA) qeydə alınmışdır.  

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 541 km/san,Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 24 nT, radial istiqamətdə isə -21 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 412 km/san-dir, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7.67 nT, radial istiqamətdə isə  4.61 nT təşkil edir. Kp indeksi 1.3-ə bərabərdir və kosmik hava sakitdir.

Hesabat dövrü ərzində geomaqnit qasırğası 12 avqustda gün ərzində davam edərək G2 səviyyəsinədək yüksəlmişdir. 14 avqustda baş vermiş X1.1 sinifli alışma isə TKA ilə müşaiyət olunmuşdur və onun təsiri nəticəsində 17 avqustda yenidən geomaqnit qasırğası baş vermişdir. Geomaqnit qasırğasının intensivliyi qısa vaxt periodunda G3 (güclü qasırğa) səviyyəsinədək yüksəlmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (19 – 25 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 70%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə 19-21avqust tarixlərində S1 səviyyəsinə yüksəlməsi ehtimalı var. 

Günəş küləyinin sürətinin 19-21 avqustda TKA-ın təsiri ilə yüksələcəyi proqnozlaşdırılır.

Geomaqnit sahəsinin sakit olacağı gözlənilir.