Xalq artisti Azər Dadaşovla görüş keçirilib - FOTO
    • 7-06-2019, 12:01
    • 1 363

Xalq artisti Azər Dadaşovla görüş keçirilib - FOTO

Qara Qarayevin Ev-Muzeyində “Bəstəkarlarla görüş” layihəsi çərçivəsində növbəti görüş Qara Qarayev bəstəkarlıq məktəbinin yetirməsi olan, görkəmli bəstəkar, Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Azər Dadaşov və “Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi”-nin qalibləri ilə görüş keçirilib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Muzeyin şöbə müdiri Xanım Abdinova Azər Dadaşovun yaradıcılığı, Azərbaycan musiqisində, incəsənətində xidmətləri haqqında məlumat verib.
Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşova “Azər Dadaşov adına Pianoçuların Beynəlxalq Müsabiqəsi”-nin yaranma tarixi və işi haqqında çıxış edib.

Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının və məktəb studiyasının müəllimi Nuranə Zeynalova Azər Dadaşovun yaradıcılığında fortepiano musiqisi haqqında çıxış edib.

Bütün çıxışlar bəstəkarın həyat və yaradıcılıq yolunu işıqlandıran slayd-şou ilə müşayiət olunacaq.

Tədbirin bədii hissəsində “Azər Dadaşov adına pianoçuların IV Beynəlxalq müsabiqəsi” qaliblərinin ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Tədbirin iştirakçıları musiqi ictimaiyyəti, Bakı Musiqi Akademiyasının, Bəstəkarlar İttifaqının nümayəndələri, Bakıda fəaliyyət göstərən muzeylərinin əməkdaşları, Klassik Musiqi Həvəskarları Klubunun üzvləri, KİV nümayəndələri və başqaları olub.