Yeni binalar zəlzələyə nə dərəcə dözümlüdür? - AÇIQLAMA
    • 28-08-2024, 14:55
    • 394

Yeni binalar zəlzələyə nə dərəcə dözümlüdür? - AÇIQLAMA

"Hər hansısa çox mənzilli yaşayış binası inşa olunarkən, orada onun mənzil sayları, mərtəbələri, yaşayış və qeyri-yaşayış obyektləri layihədə çəkilməlidir".

Bu sözləri News24.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

"Layihə təşkil olunandan sonra tikinti işləri ona uyğun aparılmalıdır ki, binanın daşıyıcı yükü həmin ağırlığı götürə bilsin. Köhnə tikili binalara baxsaq, böyük əksəriyyəti tikiləndə birinci mərtəbədən sonuncu mərtəbəyə qədər yaşayış mənzilləri kimi tikilib. Həmin binalardakı mənzillər hansı ki yol kənarıdır, əlavə artırmalar olub onlar binanın daşıyıcı yükünə problem yaradır. Həmçinin, yuxarı mərtəbələrdə də vətəndaşların etdikləri artırmalar binanın tarazlığını pozur. Bundan əlavə binaların zirzəmiləri qazılaraq, bəzi ərazilərdə hətta torpaq təməli belə ötüb keçib zirzəmilərə əlavə qapıların, pəncərələrin açılması o binanı daha da qəzalı vəziyyətə gətirib çıxardır. Lakin sovet binalarında birinci mərtəbələr, zirzəmilər əvvəldən qeyri-yaşayış üçün tikilmişdirsə o binalarda problem olmur".

Ekspert yeni binaların zəlzələyə qarşı nə qədər dözümlü olduğu haqqında da danışıb:

Yeni tikilən binalara nəzər salsaq, sənədləşmə ilə bağlı və ya başqa problemlər ola bilər, lakin onların tikinti keyfiyyəti ilə bağlı belə hallar yaşanmır. Layihədə göstərilən materiallar hansı formadadırsa, tikinti şirkətləri mütləq olaraq onlardan istifadə etməlidir. Bununla bağlı tikinti işləri gedərkən hər mərhələdə FHN aidiyyəti şöbələri baxış keçirir, nümunələr götürür. Əgər istifadə olunan materiallar eyni deyilsə, tikinti dayandırılır. Bu baxımdan keyfiyyətlə bağlı problem yoxdur. Problem bizim köhnə tikili binalarda daha çoxdur".

Binaların istismar müddətindən də danışan Elnur Fərzəliyev "Köhnə binalarda bu, 50, 60, 70 il kimi nəzərdə tutulub. Bunun müddəti daha çox materialdan asılıdr. Təbii ki, istismar müddətini bitirməsi, binanın qəzalı olması demək deyil.  Bəzi Avropa ölkələrində XVII, XVIII əsrlərdə tikilən binalarda hələ də yaşayış var. Köhnə binalara vaxtında xidmət olunarsa, yenidənqurma, bərpa işləri aparılarsa, onların ömrünü daha da uzatmaq olar", - deyə fikrini yekunlaşdırıb.

Məryəm İlhamqızı