Ukraynanın sirli qələbə planı: Müharibə bitəcəkmi?
    • 28-08-2024, 22:30
    • 278

Ukraynanın sirli qələbə planı: Müharibə bitəcəkmi?

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında şiddətlənən müharibə ilə bağlı açıqlama verib.

News24.az NTV-yə istinadən xəbər verir ki, gələn ay ABŞ prezidenti Co Baydenə təqdim edəcəyi planı “qələbə planı” kimi xarakterizə edən Ukrayna lideri bildirib ki, Kursk əməliyyatı “planın bir hissəsidir”.

Ukrayna lideri “Qələbə planı” ilə bağlı təfərrüatlara varmaqdan imtina etsə də, onun dörd mərhələdən ibarət planının Kurskda transsərhəd əməliyyatı ilə başladığını bildirib.

Zelenski qeyd edib ki, planın uğuru “Baydendən asılıdır” və ABŞ-ın “bu planın tələblərini Ukraynaya verib-verməməsi” həlledici olacaq.

“Bəziləri üçün çox iddialı görünə bilər, lakin bu, bizim üçün vacib plandır”, – deyən Zelenski planı ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Trampla bölüşəcəyini bildirib.

Zelenski həmçinin bildirib ki, Ukrayna bu yaxınlarda yerli istehsal olan ballistik raketin ilk uğurlu sınağını keçirib.

Ölkəsinin müdafiə sənayesini təbrik edən Ukrayna lideri raketlə bağlı əlavə təfərrüatları bölüşməyib.

Günel Məlikzadə