Azərbaycanda növbəti dollar ajiotajı – Devalvasiya, yoxsa…
    • Bu gün, 12:20
    • 105

Azərbaycanda növbəti dollar ajiotajı – Devalvasiya, yoxsa…

Azərbaycanda valyutaya tələbin artması prosesi davam edir. Mərkəzi Bankın məlumatına əsasən bu ilin yanvar-avqust aylarında tənzimləyicinin Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 5 milyard 074,2 milyon ABŞ dolları məbləğində satış olub. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Yalnız avqust ayında valyuta satışının məbləği 649,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvəllə müqayisədə 43,6 faiz çoxdur.

Qeyd edək ki, dollara tələbin artması ötən ilin payızından başlayan proses olmaqla, artan dinamika ilə davam edir. Bu artım fonunda avqust ayının ortalarından bəzi banklar dollar satışından müxtəlif bəhanələrlə imtina etməyə başlayıblar. Bu isə əhali arasında devalvasiya olacağına dair böyük təşvişin yaranmasına səbəb olur. Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev “Report”a müsahibəsində  bildrib ki, AMB tərəfindən banklara dollar satışının dayandırılması, ümumilikdə dollar satışında məhdudiyyətlərin mövcudluğu kimi hallarla bağlı son günlərdə yayımlanan xəbərlər reallığı əks etdirmir: “Bu növ məsələlərin ictimaiyyət arasında çaşqınlığa səbəb olma ehtimalını nəzərə alaraq mətbuat nümayəndələrinə Mərkəzi Banka müraciət edərək müvafiq məqamlara dair zəruri dəqiqləşdirmə aparmalarını tövsiyə edirik. Kommunikasiyaya və dialoqa açıq bir qurum kimi Mərkəzi Bank tərəfindən KİV nümayəndələrindən daxil olan sorğular müntəzəm şəkildə cavablandırılır”.

E.Seydiyevin sözlərinə görə, 2024-cü ilin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən bütün valyuta hərraclarında tələb təmin edilib: “Valyutaya tələbin artmasına başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi fonunda baş verir. Bu ilin ilk 7 ayında daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7  faiz artıb. Bu dövrdə dövlət büdcəsinin xərcləri 10,4  faiz artıb. O cümlədən dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bütün bunlar idxal üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Eyni zamanda cari ildə hökumət tərəfindən emissiya edilmiş avrobondun geri alışının həyata keçirilməsi (0,9 milyard ABŞ dolları), ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması (0,8 milyard ABŞ dolları) valyutaya tələbin 2023-cü illə müqayisədə artmasına gətirib çıxarıb. Qeyd edək ki, tədiyə balansının kapitalın hərəkəti hesabında baş verən bu struktur dəyişiklikləri, o cümlədən birbaşa xarici dövlət borcunun əhəmiyyətli azalması perspektivdə valyutaya tələbi azaldacaq amillərdir.

Ümumilikdə bildiririk ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Tədiyə balansının cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti I rübdə 10,1  faiz olub. Ticarət balansında 2024-cü ilin ilk 7 ayında 5,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olaraq qalacağı gözlənilir”.

“Dünya enerji bazarında neft qiymətinin ucuzlaşması manatın dollara nisbətdə məzənnəsinin dəyişilməsinə əsas verəcəkmi? Sualı cavablandıran AMB rəsmisi bildirib ki, enerjidaşıyıcılarının qiymətlərinin dəyişimi Azərbaycanın valyuta bazarına birbaşa təsir etmir: “Valyuta bazarındakı vəziyyət tədiyə balansının vəziyyəti, dövlətin və özəl sektorun valyuta üzrə tələb-təklifi, məzənnə ilə bağlı gözləntilər kimi amillərdən təsirlənir. 2024-cü ilin dövlət büdcəsinin parametrlərindən göründüyü kimi, fiskal məqsədlərlə xərclənən neft gəlirləri valyuta bazarında tarazlığı dəstəkləyir.

Əlavə olaraq bildiririk ki, Mərkəzi Bank tərəfindən son 2 il ərzində faiz dəhlizinin təsir imkanlarının daha da gücləndirilməsi istiqamətində bir sıra mühüm təşəbbüslər həyata keçirilib ki, bu imkanlardan da zəruri hallarda dəstəkləyici tədbirlər kimi istifadə edilə bilər. Ümumilikdə qeyd edirik ki, hazırda manatın məzənnəsinə fundamental təhdid yaradacaq hallar müşahidə olunmur”.

Məlumat üçün qeyd edək ki, Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya əsasən bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz azdır. Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Nəticədə son 1 ildə ixrac 22,5 faiz azalıb, idxal isə 12,9  faiz artıb. Yeddi ayın yekununda xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.

Gömrük statistikası göstərir ki, ötən ilin yeddi ayı ilə müqayisədə bu ilin yanvar-iyulunda mal və məhsul idxalı üçün Azərbaycandan xaricə 1 milyard 236 milyon dollar çox valyuta çıxarılıb. Bu, xarici ticarətin iştirakçısı olan fiziki və hüquqi şəxslərin artan tələbatıdır.

Onlarla bərabər əhalinin dollar tələbində də artım var. Ötən payızdan başlayaraq əhalinin banklardan dollar alışlarında da artım müşahidə olunur. AMB-nin məlumatına görə, 2024-cü ilin ilk beş ayında banklar əhalidən 636.9 milyon dollar alıb, 1 milyard 252.3 milyon dollar satıblar. Əhaliyə satılan nağd dolların artımı ən çox cari ilin fevralında olub – 499.6 milyon dollar. Göründüyü kimi, beş ayda əhali banklardan onlara satdığından 2 dəfə çox dollar alıb.

Əhalinin dollar üçün banklara daha çox üz tutmasında ölkəyə xaricdən daxil olan vəsaitlərin azalması da mühüm rol oynayır. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 893.1 milyon manat vəsait daxil olub. Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manat təşkil edib. Mərkəzi Bankın məlumatına görə, keçən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 31.3 faiz və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19 faiz və ya 61 milyon manat azalıb.

Nəzərə çatdıraq ki, ötən ilin I yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.

Göründüyü kimi, əhalinin banklardan dollar istəyinin artması xaricdən əsasən dollar formasında pulköçürmələrin azalması fonunda baş verir. Belə görünür ki, əhali hətta banklardakı əmanətlərinin bir hissəsini də geri çəkərək dollar alışına yönəldib. Belə ki, AMB-nin məlumatına görə, 2024-cü il avqust ayının 1-nə Azərbaycanda fiziki və hüquqi şəxslərin ümumi depozit portfeli (maliyyə institutları istisna olmaqla) 34 milyard 381.3 milyon manat təşkil edib. Bu göstəricinin həcmi iyul ayının 1-i ilə müqayisədə 2.3 faiz və ya 803.7 milyon manat azalıb.

Ötən ay fiziki şəxslərin depozitləri əvvəlki ayla müqayisədə 219.3 milyon manat azalaraq 13 milyard 661 milyon manat, hüquqi şəxslərin depozitləri isə 584.5 milyon manat azalaraq 20 milyard 720.3 milyon manat təşkil edib.

Xatırladaq ki, mart ayında da əhali banklardan iri həcmdə vəsait çəkmişdi. O zaman bir ayda əhali banklardan 135 milyon manatdan çox depozit geri çəkmişdi.

Maraqlıdır ki, manatla depozt faizlərinin yüksəlməsi də əhalinin əmanətlərini banklardan çəkməsinin qarşısını almayıb. Belə ki, son aylarda aparıcı bankların hamısında manatla depozit faizləri qaldırılıb. Hazırda aparıcı banklarda əmanətlər üzrə  faiz dərəcəsi 11 faiz və daha çox təşkil edir. Əmanət faizlərinin artması bankların əhaliyə faiz ödənişlərində yüksəlişə gətirib çıxarıb. Yanvar-iyun aylarında banklar əhaliyə 407 milyon manat depozit faizi ödəyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 118,5 milyon manat və ya 41 faiz çoxdur.

Ölkədə dollara tələbi artıran daha bir amil xaricə səfərlərin çoxalmasıdır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 23,1 faiz artaraq 1 milyon 223,0 min nəfər olub. Bu zaman İrana gedən Azərbaycan vətəndaşlarının sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiyaya gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artıb.

Dollara tələbin artması fonunda onun ölkəyə axınını təmin edən neft-qaz ixracının azalması, bundan gəlirin azalması hələlik ölkədə makroiqtisadi sabitliyə ciddi təhdid formalaşdırmır. Bu ilin yeddi ayında ölkəyə bu mənbədən 14  milyard 224 milyon 266.44 min dolları daxil olub. Bu, ötən ilin eyni dövrünə nəzərən 34,2 faiz azalma deməkdir: həmin dövrdə neft-qaz ixracından Azərbaycan 18 milyard 770 milyon 50,1 min dollar qazanmışdı. Lakin xarici ticarət profisitinin sürətlə azalması, qeyri-neft ixracının isə artmaması yaxın gələcəkdə ciddi təhdidlər formalaşdıra bilər…

Musavat.com