Bakıda 17 yaşlı qız itkin düşdü - Ailəsi oğurlandığını iddia edir
    • Bu gün, 15:06
    • 738

Bakıda 17 yaşlı qız itkin düşdü - Ailəsi oğurlandığını iddia edir


Bakıda 17 yaşlı Şaymuradova Sevda Marat qızı itkin düşüb.

News24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə 1news.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Sevda evdən “Hədəf” kurslarına getmək adı ilə çıxıb və mənzil başına çatması barədə nənəsinə ismarıc yazıb: “Lakin birdən-birə anasının nömrəsinə mesaj göndərib. Deyib ki, onlarla yaşamaq istəmir və evdən getmək üçün pul yığırdı”.

Ailəsi yazılan ismarıcı psixoloq və psixiatrlara göstərib və onlar bunun uşaq tərəfindən yazılmadığını söyləyiblər: “Çox güman, uşağı oğurlayıblar və onun adından ismarıc yazıblar”.

Sevdanın ailəsi onun itkin düşməsi barədə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə müraciət edib.

Həmçinin bildirilib ki, qızın şəxsiyyət vəsiqəsində adı Sevda olsa da, hamı onu Xədicə kimi tanıyır: “Oğurlanmasında bir nəfərdən şübhələnirik. İstintaqın nəticəsini gözləyəcəyik”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna belə cavab verildi: “İtkin düşmə ilə bağlı axtarışa elan edilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində tədbirlər görülür”.


***

“Hədəf” kurslarından saytımıza bildirilib ki, Sevda Şaymuradova həmin gün kursa gəlməyib: “Hadisə təxminən 2 gün əvvəl olub. Həmin gün S. Şaymuradova evdən çıxsa da, dərsə gəlməyib. Ümumiyyətlə, dərslər cəmi bir həftədir başlanıb, daha çox tanışlıq xarakteri daşıyır. 

Hadisə polis tərəfindən araşdırılır”.