-
- 3-09-2024, 18:41
- 411
Lavrov sükutu pozdu - Yaxın Şərqi qana boyayacaq mesaj
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İran hər hansı genişmiqyaslı hərbi əməliyyatlara cəlb olunmaq və təxribatlara boyun əymək istəmir.
“HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi təbii ki, təxribatdır. Sonra İran heç bir reaksiya vermədi, ancaq bildirdi ki, ərazi bütövlüyü və suverenliyi pozulduğu üçün bu hüququ özündə saxlayır. İran hökumətinin qonağı qəsdən öldürülüb”, – Lavrov bildirib.
Rusiya XİN rəhbərinin açıqlaması nəyə işarədir?
News24.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, İranın İsrailə HƏMAS-ın siyasi liderinin öldürülməsinə cavab verməməsi və ya bu cavabı gecikdirməsi həm region dövlətlərin, həm də qlobal güclərin diqqəti mərkəzindədir:
“Çünki Haniyənin ölümünə cavab olaraq İsrailə İran və ya onun regiondakı proksiləri tərəfindən raket zərbələri endirilməsi genişmiqyaslı müharibənin başlanmasına gətirib çıxara bilər. Amma nə region dövlətləri, nə İsrailin arxasında dayanan koalisiya bu müharibəni istəyir və hətta qarşısını almağa çalışırlar.
Genişmiyaslı müharibənin və bəlkə də III Dünya müharibəsinin qarşısının alınması İranla İsrailin birbaşa savaşa girməsinin qarşısını almaqdan keçir. Məhz buna görə də həm region dövlətləri, həm də Amerika Birləşmiş Ştatları İranı və İsraili bir-birinə zərbə endirməkdən çəkinməyə çağırırlar. İsraillə münasibətdə çağırışların ciddi nəticə vermədiyi ortadadır. Onun həm HƏMAS-la bağlı Qəzzada keçirdiyi əməliyyatlar, həm də İrana qarşı gizli-açıq hücumları deməyi əsas verir ki, bu dövlət İranla müharibəyə can atır və bu istiqamətdə əlində olan vasitələrdən istifadə edir. Onun Amerikanın xəbərdarlıqlarına baxmadan İrana hücum etməməsinin tək səbəbi isə İranla müharibədə tək qalmaq qorxusudur. Çünki ABŞ Netanyahuya dəfələrlə xəbərdarlıq edib ki, o, yəhudi xalqını və İsrail dövlətini müdafiə etməyə həmişə hazırdır. Amma onun digər ölkəyə qarşı hücumunda Amerika öz əsgərlərindən istifadə etməyə imkan verməyəcək. Yəni ABŞ və İsraillə bağlı yaradılan koalisiya qüvvələri İsrailə tuşlanan raket və dronları zərərsizləşdirməkdə yardımçı olacaqlar. Amma İsraillə birlikdə İran və ya digər Yaxın Şərq ölkəsinin bombalanmasında iştirak etməyəcəklər”.
Politoloq deyib ki, İsraili qorxudan və onun İrana qarşı müharibəyə başlamasına mane olan ən böyük səbəb məhz budur:
“Amma İsrail ciddi-cəhdlə ABŞ-da noyabrda keçiriləcək seçkilərə qədər İranla məsələni bitirmək istəyir. Çünki Kamala Harris prezidentliyə namizəd kimi ortalığa çıxandan sonra Netanyahunun Trampa bəslədiyi ümidlər azalmağa başlayıb. O, Trampın yenidən prezident olacağı və İranla bağlı bütün problemlərini Trampın əli ilə həll edəcəyini düşünürdü. Çünki Tramp özünü Netanyahudan daha sionist kimi tanıda bilmişdi. Tramp deyil, demokratların nümayəndəsi Kamala Harrisin prezident olması Netanyahu və İsrail üçün yaxşı heç nə vəd etmir. Digər tərəfdən, seçkiyə qədər müharibə başlasa, bu, Trampın mənafeyinə xidmət edəcək. Bu, müharibənin Bayden administrasiyası dövründə başlaması kimi mənfi rəy yaradacaq”.
Ə.İbrahimov qeyd edib ki, Lavrovun İranla bağlı son bəyanatlarında şifrəli məqamlar var:
“Kreml bir tərəfdən İranla İsrail arasında müharibənin əleyhinə olduğunu bəyan edir, digər tərəfdən isə Tehranı cavab zərbəsinə təhrik edir. Lavrovun son bəyanatından çıxardığım nəticə budur. O, sanki Haniyənin İrandakı müəyyən qruplar tərəfindən öldürülməsindən daha çox, İranın İsrailə cavab verməməsinə diqqəti cəlb etmək istəyir. Onun “İran buna heç bir reaksiya vermədi. Ancaq bildirdi ki, ərazi bütövlüyü və suverenliyi pozulduğu üçün cavab vermək hüququnu özündə saxlayır” bu ifadələrini başqa cür izah etmək mümkündürmü? Təbii ki, yox”.
Ə.İbrahimov deyib ki, Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanması ABŞ və koalisiya qüvvələri üçün yeni cəbhənin açılması anlamına gəlir:
“İranın hələlik tərəddüd etməsi səbəblərinə gəlincə, bunu aşağıdakı kimi sıralamaq olar:
– ABŞ faktoru. Bildiyimiz kimi, ABŞ və onun müttəfiqləri müxtəlif vasitələrlə, hədə və şirnikləndirmə ilə İranı İsrailə cavab zərbəsi endirməməyə inandırmağa cəhd edir.
– İran region üzrə müttəfiqlərindən İsrailə zərbə endirmək üçün razılıq ala bilmədi. Yəni regionda yerləşən ərəb və müsəlman dövlətlərinin heç biri İranın bu addımına tərəfdar çıxmadı.
– Yeni seçilmiş prezident İsrailə hücumun onun gələcək fəaliyyəti üçün mənfi nəticələr gətirəcəyini əsas götürərək Ali dini liderdən tələsməməyi xahiş etdi.
– İran bu hadisədən istifadə edərək Qərblə danışıqlarda sanksiyaların ləğv olunması ilə bağlı müəyyən nəticələr əldə etməyə çalışır.
Qeyd etdiyim kimi, İranın bu vaxta qədər susmasını heç vaxt cavab verməyəcəyi kimi qiymətləndirmək düzgün olmaz”.