Subsidiyaların artırılması fermerlərə nə vəd edir?
    • Bu gün, 16:47
    • 118

Subsidiyaların artırılması fermerlərə nə vəd edir?

Azərbaycanda gələn ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq. Rəsmi məlumata görə, avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə belə bir qərar qəbul edilib. Eyni zamanda meyvəçilik sahəsində də bu dəstəyin davam edəcəyi bildirilir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov İqtisadiyyat.az-a açıqlamasında bununla bağlı öz fikirlərini bölüşüb.

O, 2021-ci ildə də dizel yanacağının qiymətinin 33% artırılan zaman kənd təsərrüfatı məhsulu istehsalçıları üçün əlavə subsidiya məsələsini xatırladıb: “Lakin onun elə də bir təsiri olmadı. Ona görə ki, bu cüzi artımın maya dəyərinin azaldılmasında elə bir əhəmiyyəti yoxdur. Görünən odur ki, artıq kəndlilərin xərci artıb. çünki kəndli təkcə istehsal etmir, həm də istehsal etdiyi məhsulun daşınması ilə məşğuldur. Bəziləri məhsullarını xarici ölkələrə çıxarır. Bu, onların ümumi xərclərini artırır. Fermerin və kəndlinin əldə etdikləri istehsal vasitələrinin qiyməti stabil və dəyişməz olmalıdır”.

V.Məhərrəmov həmçinin söyləyib ki, Azərbaycanda kənd təsərrüfatı məhsullarının maya dəyəri çox yüksəkdir: “Bu da onunla bağlıdır ki, istehsal vasitələri xaricdən gətirilir və xaricdən gətirildiyi üçün baha qiymətə başa gəlir. Digər tərəfdən gətirilən gübrənin və pestisidlərin keyfiyyəti aşağıdır. Onların qiyməti yuxarı və keyfiyyəti isə aşağıdır. Bu da əldə olunan məhsulun maya dəyərini artırır”.

Ekspert 2007-ci ildən bəri subsidiyaların verildiyini xatırladıb və bildirib ki, Azərbaycanda məhsuldarlığı artırmaq üçün stimul vermək lazımdır: “Əgər bu gün hansı rayonda, hansı kənddə fermer bir hektardan 20 sentner buğda əldə edirsə, ona bir hektar üçün 10 min manat da verilsə, məhsuldarlığı artıra bilməyəcək. Deməli, maliyyə vəsaitinin verilməsi elə böyük rol oynamır. Ona görə ki, əsas işlər kənarda qalır. Kənd Təsərrüfatı Nazirliyinə bazarda qiymətlərin yüksək olması ilə bağlı sual verdikdə bazara nəzarət etmədiklərini, subsidiyanın verilməsi ilə məşğul olduqlarını bildirirlər. Subsidiyanı dövlət verir, Kənd Təsərrüfatı Nazirliyi sadəcə o mexanizmi hazırlayır və siyahını tutur. Elə mexanizm qurmaq lazımdır ki, verilən subsidiya məhsuldarlığı artırsın, fermer marağında olsun. Fermerin becərdiyi bitkilərin məhsuldarlığı yüksək olduqda ona gəlir gətirəcək. Məhsulun maya dəyəri nə qədər aşağı olarsa, kəndli bir o qədər çox qazanc əldə edər və marağında olar. Bax o zaman verilən subsidiyanın istehsala müəyyən təsiri ola bilər”.