Liseydə silahlı hücum BAŞ VERDİ - XEYLİ SAYDA YARALI VAR
    • Bu gün, 10:10
    • 169

Liseydə silahlı hücum BAŞ VERDİ - XEYLİ SAYDA YARALI VAR

ABŞ-nin Corciya ştatının Uinder şəhərindəki Apalachee Liseyində silahlı hücum baş verib.

News24.az xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, ötən gün yerli vaxtla saat 11:30 radələrində liseydə atəş səsləri eşidilib.

Bunun üzərinə məktəbə gedən polis qrupları silahlı hücum olaraq qiymətləndirdikləri hadisəyə müdaxilə edərək, ərazidə geniş təhlükəsizlik tədbirləri alıb.

Corciya İstintaq Bürosu hadisə ilə bağlı verdiyi açıqlamada hücumda 4 nəfərin öldüyünü, ən azı 9 nəfərin yaralandığını bildirib.

Hücumun baş verdiyi Barrou dairəsinin şerifi Cud Smit hadisə ilə bağlı verdiyi açıqlamada "çoxlu yaralı olduğunu və şübhəlinin həbsdə olduğunu" bildirib.

Digər tərəfdən, CNN-ə danışan adı açıqlanmayan bəzi təhlükəsizlik rəsmiləri şübhəlinin 14 yaşında bir uşaq olduğunu bildirsələr də, şübhəlinin şəxsiyyəti ilə bağlı heç bir təfərrüat paylaşılmayıb.

Ağ Evdən edilən yazılı açıqlamada isə ABŞ prezidenti Co Baydenin hücumla bağlı məlumatlandırıldığı qeyd edilib.

Açıqlamada, Baydenin daxili təhlükəsizlik müşavirləri tərəfindən məlumatlandırıldığı və administrasiyanın həm federal, həm də əyalət səviyyələrində rəsmilərlə anında əlaqə saxladığı bildirilib.

Daha sonra hadisə ilə bağlı yazılı açıqlama verən Bayden hücumda həyatını itirənlərin yaxınlarına başsağlığı verib və hücumdan dərin kədərləndiyini bildirib.

Bayden, bu hücumun silah satışında detallı təhlükəsizlik yoxlamalarının nə qədər vacib olduğunu bir daha göstərdiyini vurğulayıb və Konqresi "silah satışı ilə bağlı qanuni tənzimləmə"yə çağırıb.

Hücum silahlarının və yüksək tutumlu jurnalların qadağan edilməsi lazım olduğunu qeyd edən Bayden, bu cür silahlı hücumları azaltmaq üçün silah satışının tənzimlənməsi lazım olduğunu da vurğulayıb.

Məryəm İlhamqızı