-
- 6-09-2024, 16:12
- 1 214
Bahalaşmadan sonra internet niyə zəifləyib? - AÇIQLAMA
Bir müddətdir, ölkədə genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.
GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb. Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib. Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.
Tarif üzrə sürət dəyişsə də, vətəndaş etirazları səngimək bilmir. İstifadəçilər qiymət dəyişikliyindən sonra internetin sürətinin azaldığından şikayətlənirlər.
Maraqlıdır, internetin sürətinin təklif olunandan aşağı olmasının səbəbləri nədir?
News24.az bildirir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyib ki, internetin sürəti texniki məsələlərlə bağlıdır:
Assosiasiya sədri: Yeni güzəştlər İKT sektorunda canlanma yaradacaq
“Limit dəyişikliyində fərq çox olanda texniki müstəvidə məsələlər həllini tapmalıdır. Sürətin müvafiq aparatlar, cihazlar tərəfindən dəstəklənməsi çox önəmlidir. Misal üçün, siz telefonda 4G internetdən istifadə edirsiniz, 5G yenilənməsində telefon onu dəstəkləməlidir. Əks halda telefonu dəyişməlisiz. Hətta telefonunuz yeniliyi dəstəkləsə belə, müəyyən konfiqurasiyalar düz olmasa yenə də 5G işləməyəcək. Modem, internet sürəti, onun radius, siqnalların ötürülməsi, internetin düzgün ötürülməsi texniki müstəvidə həllini tapmalıdır”.
Elvin Abbasovun sözlərinə görə, hazırda texniki müstəvidə uyğunlaşma ilə bağlı həllini gözləyən nüanslar var:
“Vətəndaşların evlərində 5-6 il əvvəl aldıqları modemlərdir. İstifadəçilər gileylənir ki, əvvəl internet hətta məhlədə də tuturdu, indi isə mənzilin içində belə zəifdir. Bunun internetlə heç bir əlaqəsi yoxdur. Modemin wifi ötürücüsü içində internet olub, olmasa da ötürmə radiusu (əhatə dairəsi) dəyişmir. Modemlərin yeni tarifə uyğun 100 Mbit/s internetin dəstəklənməsində tənzimləmələrə ehtiyac var. Bununla yanaşı siqnal gücləndiricilər və s. istifadə edilməlidir”.
Ekspertin sözlərinə görə, provayderin özündən qaynaqlanan problemlərin olması da istisna edilmir:
“Hər bir halda provayderlər tarifə uyğun lazımı interneti verdiklərini iddia edirlər. Belə hallarda vətəndaşların birbaşa evə gələn internet xəttini kompüterə qoşaraq “Speedtest” ilə yoxlama etməsi yaxşı olar. Özləri bacarmazlarsa, hər hansı İT mütəxəssisindən dəstək alsınlar. Həmçinin provayderin əməkdaşını evə dəvət edərək interneti yoxlada, lazımı tənzimləmələri etdirə bilərlər. Modem köhnə olarsa, dəyişiklik lazım gələcək. Həmçinin başqa infrastruktur problemləri ola bilər ki, bunu da saymaqla tükənməz. Məsələn, gərgin elektrik xətləri ilə internet xətti yan-yana olmamalıdır. Modem evin mərkəzinə yaxın olmalıdır ki, hər yerdə tutsun. Provayderin özündə olan nasazlıq isə əməkdaş tərəfindən texniki baxış keçirilərək aradan qaldırılmalıdır”.