Müəllimlərə mühüm xəbər: İki mindən çox vakansiya BOŞ QALIB
    • 6-09-2024, 22:34
    • 579

Müəllimlərə mühüm xəbər: İki mindən çox vakansiya BOŞ QALIB


"İki mindən artıq vakant müəllim yeri üç ildir, heç bir namizəd tərəfindən seçilmir".

Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi Təhsilin Təşkili Şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu imtahanları (MİQ) ilə bağlı keçirilən brifinqdə deyib. O bildirib ki, həmin yerlər şəhər və ya ucqar ərazilərə aiddir.

Bəs görəsən, müəllimlərə hansı əlavə imtiyazlar verilməlidir ki, sözügedən vakant yerləri seçsinlər? 

Təhsil eksperti Qoşqar Məhərrəmov Oxu.Az-a açıqlamasında mövzu ilə bağlı düşüncələrini bölüşüb.

O qeyd edib ki, şəhər yerlərində hansı ərazilərdə və ixtisaslarda vakant yerlərin qaldığını bildikdən sonra məsələni daha düzgün şərh etmək olar:

"Məlumdur ki, ancaq ucqar ərazilərdə nəqliyyat, kirayə xərcləri, ailə vəziyyəti kimi amillər insanların həmin yerləri seçməsinə mane olur. Bir də məsələnin təhsil tərəfi var. Görün nə qədər uşaq həmin fənləri öyrənmək hüququndan məhrum olur?! Bunun qarşısını ən tez zamanda almaq lazımdır. Müəllimlik artıq qadın peşəsi olub. Qadın da ailə qurduqda həyat yoldaşı haradadırsa, adətən, həmin yerdə iş axtarmalı olur. Kişilərin şəhərdə daha tez iş tapdıqlarını nəzərə alsaq, pedaqoji fakültə məzunları olan xanımları da orada qalmağı üstün tuturlar".

Ekspert əlavə edib ki, burada təşviqatı artırmaq əsas həll yolu kimi görünür:

"Məsələn, məvacib 30 faiz yuxarı olmalıdır. Kirayə haqqı qarşılanmalı, yaxud da yataqxana təşkil edilməlidir. Müəllimlərə torpaq sahəsi verilməlidir. Yeni məzunlar icbari olaraq ucqar kəndlərə üç-beş illik yüksək imtiyazlarla təyin edilməlidirlər".

Məlumat üçün qeyd edək ki, mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlasaq da, suallarımız cavabsız qaldı.