-
- 9-09-2024, 17:40
- 279
Tanınmış həkim polis nəzarətinə götürüldü - FOTO
Cari il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlaması, növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.//metbuat.az