Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ
    • Bu gün, 10:42
    • 5 339

Əhaliyə XƏBƏRDARLIQ - Bu şəxslərin ölkədən çıxışına QADAĞA QOYULACAQ

“Bələdiyyə əmlakı vergisini qəsdən ödəməyən şəxslərin ölkədən çıxışı qadağan edilə bilər”.  

News24.az-ın məlumatına görə, bunu Minval.az-a müsahibəsində Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda əmlak vergisini ödəməkdən yayınma tendensiyası müşahidə olunur ki, bu vergilərin yığılması yerli özünüidarəetmə orqanları tərəfindən həyata keçirilir: “Əvvəllər bu, çox vaxt cəzasız qalırdı, ancaq artıq vəziyyət dəyişəcək. Əhali qanunun tam sərtliyi ilə üzləşməli olacaq. İndi vergidən yayınmaq çətin olacaq. Belə ki, bütün vergi ödəyiciləri haqqında məlumatlar Dövlət Əmlak Xidmətinin məlumat bazası ilə inteqrasiya olunmuş və yeni yaradılmış Bələdiyyə Avtomatlaşdırılmış İnformasiya Sisteminə daxil edilir. Əmlak vergisini ödəməkdən imtina edildikdə, qanun pozucusu haqqında məlumat Ədliyyə Nazirliyinə göndəriləcək. Bundan sonra iş Probasiya Xidmətinə veriləcək və vətəndaşın, məsələn, ölkədən çıxışına qadağa qoyula bilər”.

Vüqar Tofiqli deyib ki, xüsusən də böyük şəhərlərdə bələdiyyələrin əsas gəlir mənbəyi əmlak vergisidir: “Kənd yerlərində bələdiyyələr də torpaq satışından gəlir əldə edirlər. Rüsumlar vergi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və bələdiyyələr tərəfindən alınır. Vergi məbləği yaşayış sahəsindən asılı olaraq hesablanır və ödəniş bildirişləri avqustun 15-dək göndərilir. Qanun vergi ödənişlərinin iki hissəyə bölünməsinə icazə verir: avqustun 15-dək, ikinci hissə isə noyabrın 15-dək. Noyabrın ortalarından sonra ödəniş edilmədikdə hər növbəti gün üçün cərimələr tətbiq olunacaq.

Əmlak vergisini mütəmadi olaraq ödəmək üçün əmlak sahibi bələdiyyə orqanlarında qeydiyyatdan keçməlidir. Orada ona vergi ödəyicisinin identifikasiya kodu veriləcək. Hər kəs yadda saxlamalıdır ki, əmlak vergisi ildə bir dəfə ödənilir. Bu, borcun faizindən yayınmaq üçün kifayətdir. Onu da nəzərə almaq lazımdır ki, pensiyaçılar, milli qəhrəmanlar və digər kateqoriyadan olan şəxslər üçün güzəştlər nəzərdə tutulub. Onlar 30 manatadək vergidən azaddırlar. Bundan əlavə, hökumət bütün vətəndaşları 30 kvadratmetr yaşayış sahəsinə görə vergi ödəməkdən azad edib".

Mövzunu hüquqşünas Əkrəm Həsənovla müzakirə etdik. “Yeni Müsavat”a şərhində hüquqşünas bildirdi ki, vətəndaşların əksəriyyəti əmlak vergisini ödəmir. Əkrəm Həsənov bəzi vətəndaşların bu vergi növündən xəbərsiz olduğuna diqqət çəkdi: “Bəzən şəxsən mənə müraciət edib belə bir verginin olub-olmadığını soruşurlar. Verginin məbləği o qədər də çox deyil, məbləğ sahədən asılı olaraq dəyişir. Hesab edirəm ki, vətəndaşların vergidən yayınmasında vergi orqanlarının da günahı var. Onlar maarifləndirmə işini düzgün aparmırlar. Əsas problem çoxmənzilli binalarda yaşanır. Çoxmənzilli binaların idarəetməsini çox zaman tikinti şirkətləri əllərinə alır. Halbuki idarəetməni sakinlər özləri həyata keçirməlidirlər. İdarəçilər bələdiyyələri binalara yaxın buraxmırlar, beləliklə, qanunu pozurlar. Burada digər hüquqi problem bələdiyyələrin vergini qanunla tələb edə bilməməsidir. Vergi Məcəlləsinə əsasən bələdiyyələr vergini normativ xarakterli aktla təsdiq etməlidir. Vergi Məcəlləsində göstərilən vergi dərəcəsi maksimumdur. Sırf sözügedən məcəlləyə görə bu vergi tutula bilməz. Hər bir bələdiyyə akt qəbul etməli və onu Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirməlidir. Azərbaycanda heç bir bələdiyyə bunu etməyib. Bəzən vətəndaşlar bələdiyyələri məhkəməyə verirlər. Vətəndaşlar haqlarını bilmədikləri üçün lazımi hüquqi sənədləri tələb etmirlər. Bir sözlə, sahə başlı-başına buraxılıb. Azərbaycan bələdiyyələrində kadr potensialı, əmlak potensialı zəif olduğu üçün nəyi necə etmək lazım olduğunu bilmirlər. Mən bələdiyyələrin işini düzgün qurmasının, vətəndaşların da vergi ödəyicisi olmasının tərəfdarıyam”.

Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun da fikirlərini öyrəndik. O, “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Fərdi vətəndaşların əmlak vergisi birbaşa yerli bələdiyyələr tərəfindən toplanır. Əgər şəxs vergi ödəyicisidirsə, bu zaman qanunvericilik fərqli formada tətbiq olunur. Bələdiyyələr vətəndaşların ödədiyi vergidən qanuni qaydada istifadə etməlidirlər. İllərlə ödənmədiyi üçün yığılan vergi borcları var. Birinci məsələ vətəndaşların bu sahədən məlumatsız olmasıdır. Bəzi hallarda vətəndaşa məxsus mülkiyyətin çıxarışı olmur. Sual budur ki, vətəndaşlar əmlak vergisini niyə ödəmirlər? İlk növbədə vətəndaşlara bu verginin hansı əsaslarla toplandığı izah edilməlidir. İkinci məsələ həmin verginin hesablama qaydasıdır. Bu hər bir vətəndaş üçün qaranlıq qalan məsələdir. Verginin həcmi nəyə görə təyin olunur - yer, sahə, yoxsa bazar dəyərinə görə? Digər məsələ vətəndaşların bələdiyyə strukturunu qəbul etməməsidir. Vətəndaşlar bələdiyyələrə ciddi yanaşmırlar. Belə olan halda sual yaranır - bələdiyyələr vətəndaşlar üçün nə edirlər? Vətəndaşlar icra hakimiyyətlərini yerli icra orqanı kimi daha çox tanıyırlar, bələdiyyələri isə əmlakla bağlı alış-veriş məsələlərində iştirak edən qurum kimi qəbul edirlər. Təəssüf ki, bunun əsas səbəbi bələdiyyələrin fəaliyyətsizliyidir. Bələdiyyələr tərəfindən ciddi təbliğat aparılmır. Vətəndaşlar bələdiyyələr tərəfindən hər hansı dəstək görmürlər. Azərbaycanda əhalinin təxminən 70 faizi öz əmlakından istifadə edir. Belə çıxır ki, təqribən 3 milyon əmlak vergiyə cəlb olunmalıdır. Fikrimcə, bələdiyyə və vətəndaş cəmiyyəti münasibətlərində ciddi dəyişikliklər olmalıdır. Bələdiyyə strukturları yerli icra və yerli sosial təminat mənbəyi, vətəndaşların yaşayışını yaxşılaşdırmalı olan qurumdur. Təəssüf ki, bələdiyyələrin sosial işlərin aparılmasında fəallığını görmürük. Çoxmənzilli binaların idarə olunmasında və s. məsələlərdə bələdiyyələrin rolu demək olar ki, yoxdur”.