Həddindən artıq tıxac SONSUZLUĞA SƏBƏB OLUR - ARAŞDIRMA
    • 10-09-2024, 23:16
    • 361

Həddindən artıq tıxac SONSUZLUĞA SƏBƏB OLUR - ARAŞDIRMA

Yol hərəkəti səs-küyünə və incə hissəciklərə (PM2.5) uzun müddət məruz qalma, kişi və qadınlarda sonsuzluq riskini artıra bilər.  

News24.az xəbər verir ki, araşdırma 2000-2017-ci illər arasında Danimarkada yaşayan 30-45 yaş arası 526 056 kişi və 377 850 qadın üzərində aparılıb. İkidən az uşağı olan, evli və ya birlikdə yaşayan insanlar tədqiqata cəlb edilərkən, artıq sonsuzluq diaqnozu qoyulmuş şəxslər tədqiqata daxil edilməyib.

18 illik təqib dövründə 16 min 172 kişi və 22 min 672 qadında sonsuzluq diaqnozu qoyulub.

Tapıntılar beş il ərzində PM2.5 səviyyəsinin 2,9 µg/m3 yüksək olduğu yerlərdə yaşayan 30-45 yaşlı kişilərdə sonsuzluq riskinin 24 faiz artdığını göstərib.

Həmçinin məlum olub ki, beş il ərzində yol hərəkəti səs-küyünə orta hesabla 10,2 desibel daha çox məruz qalan 35 yaşdan yuxarı qadınlarda sonsuzluq riski 14% artıb. 

Tədqiqat həm kənd, həm də şəhər yerlərində və müxtəlif sosial-iqtisadi statusa malik şəxslər arasında oxşar nəticələr aşkar edib. Bununla belə, tədqiqatın müşahidə xarakterli olduğu və qəti səbəb-nəticə əlaqəsinin qurulmasının mümkün olmadığı vurğulanıb.

Məryəm İlhamqızı