“Azərbaycanda gülümsəsən, elə bilirlər ki, tanış olmaq istəyirsən"

“Azərbaycanda gülümsəsən, elə bilirlər ki, tanış olmaq istəyirsən" Sosial

“Tıxacda hərənin bir məşğuliyyəti olur. Bu məşğuliyyət sürücünün mədəniyyətinə, psixologiyasına görə dəyişən bir şeydir. Məsələn, mən tıxacda güzgünü açıb özümə baxıram. Kimi isə tıxacda telefonla yazışır, kimi dodağını boyayır, kimi də burnunu qurcalayır... Bu insanları ancaq ictimai qınağa çəkərək necəsə düzəldə bilərik. Hansısa sürücüyə desən, tıxacda niyə burnunu qurcalayırsan, sual verəcək ki, sən mənə niyə baxırsan? Getdiyim ölkələrdə görürəm ki, heç kim bir-birini tanımır, amma hər kəs bir-birinə baxıb gülümsəyir. Azərbaycanda gülümsəsən, elə bilirlər ki, onunla tanış olmaq istəyirsən və gəlir yaxınlaşır, nömrə vermək istəyir. Çəkilişlərə baxın, digər millətlər kameraları görüb güləndə bizimkilər başını yana çevirib gedirlər. Bu yaxınlarda təsadüfən metroya minmişdim. Kloun əlini uzadır, insanlar isə onun əlinə əllərini vurmurlar. Sanki onu alçaltmağa, lağa qoymağa, qınamağa çalışırlar. Halbuki o klounun məqsədi sizin üzünüzdə təbəssüm yaratmaqdır. İnsanlar o qədər aqressiv yanaşırlar...” 

News24.az bildirir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış psixoloq Gülnar Orucova deyib. 

“Bəzən deyirlər ki, Azərbaycanda sürücülük mədəniyyəti yoxdur. Bununla razılaşmıram. Sürücülük mədəniyyəti də elə ümumi mədəniyyətdən başlayır. Bir var, mədəni insanın davranışı, bir də var, insanın mədəni davranışı. Fərqli şeylərdir. İnsanın mədəni davranışı yerə, məkana görə dəyişir. Bəzən elə insanlarla qarşılaşırıq ki, çöldə o qədər mədəni olur, amma ailədə öz xanımına “Az!” deyə müraciət edir. Mədəni insan isə hər yerdə - çöldə də, iş yerində də, getdiki məkanlarda da belədir. Mədəniyyət onun daxilində, ruhundadır. Bəziləri isə müvəqqəti mədəni olmağa çalışırlar. Bu da hər yerdə özünü göstərir. Bir sözlə, mədəniyyəti olmayan insanda sürücülük mədəniyyəti də olmayacaq, digər cəhətlər də. Bəzi kişilər hələ də indiki zamanda düşünürlər ki, xanım mətbəxdə oturub ancaq bozbaş bişirməlidir. Belə deyil...”, - o bildirib. 

G.Orucovanın sözlərinə görə, kişi sürücülər əvvəllər yolda xanımları daha çox sıxışdırırdılar: “Maşın sürən xanım görəndə onun qəza törətməsinə səbəblər yaradırdılar. Bu gün isə görürük ki, kişilər xanımlara yol verirlər, maşınını park edə bilməyən xanımlara kömək edirlər. Neçə illərdir, maşın sürürəm, qarşıma pis sürücü çıxmayıb. Amma bir qəza olan kimi sosial şəbəkələrdə hamı şərhlərə tökülür, başlayırlar ekspertlik etməyə. Bəli, xanımların qəza törətmə faizi daha yüksəkdir, çünki bütün detallara diqqət edirlər, buna görə anında qəza yaranır. Bəylər isə daha özgüvənlidirlər. Bir xanıma maşın sürməyi öyrətmək üçün xeyli əziyyət çəkirsiniz, amma kişilər bir neçə dərsdən sonra artıq maşın sürürlər. Çıxaq sorğu aparaq, bir çox kişilər təlimə getməyiblər, maşın sürməyi öz ailələrində öyrəniblər. Bu gün təlimə aylarla gedənlər də, dəfələrlə sürücülük imtahanına girib vəsiqə alanlar da xanımlardır, amma qəzanı törədənlər də...”