"Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır"
    • 12-06-2019, 16:21
    • 1 748

"Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır"

"Xaçmaz rayonunun Nabran bələdiyyəsinin ərazisindəki çimərliklər istifadəyə yararsızdır".

News24.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) bu gün keçirilən mətbuat konfransında Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, çimərlik mövsümünün başlanması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri ilə birgə şimal və cənub bölgələrinin çimərlik ərazilərində monitorinqlər keçirib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb:

"Analizlərin nəticələrinə görə, Xaçmaz rayonu Nabran bələdiyyə ərazisinin dəniz suyu mikrobioloji baxımdan çirkli olduğu üçün çimərlik üçün yararsızdır. Lakin Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) bələdiyyələrinin çimərlik ərazilərinin dəniz suyunda bioloji çirklənmə norma daxilində olduğu üçün çimərliyə yararlı hesab olunur.

Cənub bölgəsindəki çimərlik ərazilərindən götürülən su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə, Lənkəran və Astara rayonlarının inzibati ərazisinə məxsus çimərliklər istifadəyə yararlıdır".

ETSN-nin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov isə deyib ki, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır. Onun sözlərinə görə, yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir: "Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümü ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq, əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər. Meşə yanğınlarının baş verməməsi və qarşısının vaxtında alınması məqsədilə nazirlik tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır".