-
- 13-09-2024, 10:02
- 631
Azərbaycan bunu öz qoşunları ilə təmin etməli olacaq – Elmar Məmmədyarov
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov sülh prosesi və Zəngəzur dəhlizi ətrafındakı son gəlişmələrlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
News24.az həmin müsahibəni təqdim edir:
– Həm rəsmi Bakı, həm də İrəvan açıqladı ki, sülh müqaviləsi 80 faiz razılaşdırılıb. Bakı deyir ki, müqavilənin imzalanması üçün bütün bəndlərin razılaşdırılmasına ehtiyac var. İrəvan da bildirir ki, razılaşdırılmış bəndlər üzrə imzalayaq, qalan məsələləri də sonra həll edək. İndi durum belədirsə, proses necə gedəcək?
– Mən də onun tərəfdarıyam ki, bütün bəndləri razılaşdırmaq lazımdır. Əsas məsələ Ermənistan Konstitusiyası ilə bağlıdır. Ermənistan Konstitusiya və digər qanunvericilik aktlarındakı nöqsanları aradan qaldırmalıdır. Söhbət həmin sənədlərdə Azərbaycana qarşı olan ərazi iddialarından gedir. Ermənistan Konstitusiyası və digər qanunvericilik aktlarında yer alan bu iddiaları çıxarmalıdır, həmin sənədləri təmizləməlidir. Ermənistanın qanunvericiliyində belə iddialar qalsa, sülh sazişini imzalamağın mənası da olmayacaq. Yəni əsas məsələ – sülhə mane olan amil budur.
Sülh üçün Azərbaycanın şərtləri bəllidir.
Yəqin Ermənistan təbliğat üçün deyir ki, sazişi imzalamağa hazırıq, görürsünüz, Azərbaycan istəmir. Təklif edirəm ki, sənəd paraflansın. Paraflandıqdan sonra da gözləyib görək ki, Ermənistan öz nöqsanlı qanunvericiliyini nə vaxt təmizləyəcək, Azərbaycana qarşı ərazi iddialarını nə vaxt oradan çıxaracaq.
– Qalan 20 faizə daxil olan məsələlər necə həllini tapacaq?
– Müzakirələrin mövzusudur.
– Sülh prosesinin aparılması üçün ən doğru məkan haradır?
– Məsələn, Qazaxıstan (Prezident Kasım-Jomart Tokayev) yenə təklif elədi ki, Almatıda görüşək. Mənim üçün ən yaxşısı sərhəddir. İki ölkənin delimitasiya komissiyaları da sərhəddə görüşürlər. Sülh müqaviləsinin üzərində işləyən ekspertlər və ya xarici işlər nazirləri də sərhəddə görüşsünlər.
– Zəngəzur dəhlizi ətrafındakı son gəlişmələr barədə fikriniz necədir? Bir neçə gündür Rusiya və İran arasında gərginlik yaşanır. Bu durum prosesə necə təsir göstərəcək?
– Zəngəzur dəhlizi gec-tez açılacaq, artıq Rusiya bu məsələnin üstünə düşüb. Əlbəttə, Rusiya bunu əldən buraxmayacaq.
İranın mövqeyinə gəlincə, Tehranda istəyirlər ki, bütün yüklər onların ərazisi ilə daşınsın. Çünki bu, gəlir gətirir. İran bu pullardan məhrum olmaq istəmir.
Qərb də Zəngəzur dəhlizinin açılmasını dəstəkləyir. Bu yol Qərb üçün də vacibdir. Çünki bu, onlara Orta Asiyaya qısa və rahat çıxış imkanı yaradır, söhbət yüklərin daşınmasından gedir. Hazırkı vəziyyətdə Orta Asiya ilə necə əlaqə yarada bilərlər? Rusiya üzərindən keçən yollar bağlanıb, İrandan keçmək mümkün deyil. Buna görə də, Qərb Zəngəzur dəhlizinin açılması tam şəkildə dəstəkləyir.
– İran xarici hər kəs dəstəkləyirsə, bəs dəhlizin açılmasına mane olan əsas məsələ nədir?
– Əsas problem dəhlizin təhlükəsizliyi ilə bağlıdır. Söhbət yüklər və sərnişinlərin təhlükəsiz şəkildə daşınmasından gedir. Bu da danışıqların mövzusudur. Ermənistan da bildirir ki, bu, bizim suveren ərazimizdən keçən yoldur, təhlükəsizliyini də biz təmin etməliyik. Bu ola bilərmi, ya yox? Əsas məsələ budur. İndi dəhliz açılsa, Naxçıvana və əks istiqamətə hərəkət edən Azərbaycan vətəndaşlarının təhlükəsizliyi təmin olunmasa, o zaman Azərbaycan vətəndaşlarının təhlükəsizliyini öz qoşunları ilə təmin etməli olacaq.