Altsheymerdən ölənlərin sayı 20 ildə iki dəfə ARTDI
    • 17-09-2024, 19:00
    • 234

Altsheymerdən ölənlərin sayı 20 ildə iki dəfə ARTDI

Almaniya Federal Statistika İdarəsi (Destatis) "21 Sentyabr Dünya Altsheymerlə Mübarizə Günü" münasibəti ilə bu xəstəlikdən həyatını itirənlərlə bağlı məlumatları açıqlayıb.

News24.az xəbər verir ki, keçən il təxminən 10 min 100 adam Altsheymer səbəbiylə həyatını itirib. 

2003-cü ildə sağalmaz xəstəlik səbəbindən 5100 nəfər dünyasını dəyişib. Beləliklə, ölkədə Altsheymer xəstəliyindən ölənlərin sayı 20 il ərzində təxminən iki dəfə artıb.

Xəstələrin 58 %-nin qadın, 42 %-nin isə kişi olduğu müəyyən edilib və müalicə üçün xəstəxanada qalma müddəti ortalama 20,2 gün olaraq hesablanıb.

Destatis mütəxəssislərinin fikrincə, xəstəliyə yoluxma riski yaş artdıqca artır. Destatisin sözlərinə görə, Altsheymer diaqnozu səbəbiylə xəstəxanaya yerləşdirmə və ölüm hallarının artması əhalinin getdikcə qocalması ilə bağlıdır. 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 55 milyondan çox Altsheymer xəstəsi olduğu halda, bu rəqəmin 2030-cu ildə 78 milyona, 2050-ci ildə isə 139 milyona yüksələcəyi gözlənilir.

Qeyd edək ki, dünyada yaşlı əhalinin artması ilə böyük ölçüdə artan Altsheymer xəstəliyi haqqında məlumatlılığı artırmaq və bununla mübarizə aparanlara dəstək olmaq məqsədi ilə hər il sentyabrın 21-i “Dünya Altsheymer Günü” kimi qeyd olunur.

Məryəm İlhamqızı

News24.az

Qaynar xətt: 099 270 7777