-
- 17-09-2024, 21:45
- 589
Vəba epidemiyası: Ölənlərin sayı 315-ə yüksəldi
Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkənin müxtəlif əyalətlərində yayılan vəba epidemiyasına yoluxanların sayının 9 min 533-ə yüksəldiyi qeyd edilib.
News24.az xəbər verir ki, açıqlamada epidemiya nəticəsində həyatını itirənlərin sayının 315-ə yüksəldiyi bildirilib.
Sudanın 11 əyalətində iyun ayından bəri yağan güclü yağış və daşqınlar nəticəsində həyatını itirənlərin sayının 225-ə yüksəldiyi də paylaşılıb.
Sel və yağışlardan zərər çəkənlərin sayının 345 min 204 nəfərə çatdığı bildirilib.
Qeyd edək ki, Sudanda iyul-oktyabr ayları arasında baş verən daşqınlar nəticəsində hər il 100-dən çox insan həyatını itirir, on minlərlə ev, iş yeri və kənd təsərrüfatı sahəsinə ziyan dəyir.
İyun ayından etibarən ölkədə təsirli olan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir.
Günel Məlikzadə