Xəstəxanada körpə oğurluğu - heç kimin xəbəri olmadan...
    • 18-09-2024, 23:48
    • 792

Xəstəxanada körpə oğurluğu - heç kimin xəbəri olmadan...

Hindistanın Bihar əyalətində yeni doğulmuş oğlan uşağı doğulduqdan cəmi 20 saat sonra xəstəxanadan oğurlanıb. 

News24.az xəbər verir ki, hadisə sosial şəbəkədə yayılan təhlükəsizlik kamerasının görüntülərində əks olunub.

Görüntülərdə qadının Sədar xəstəxanasının yenidoğulmuşların reanimasiya şöbəsinə daxil olaraq körpəni yorğana bükdüyü görüntülənib. Qırmızı geyinmiş və özünü kamuflyaj edən qadın xəstəxana işçilərindən və digər xəstələrdən xəbər belə almadan xəstəxanadan uzaqlaşıb.

Yeni doğulan körpəni görmək üçün xəstəxanaya gələn ailə uşağın itdiyini öyrənib. Səlahiyyətlilər təhlükəsizlik kamerasının görüntülərini yoxlayanda körpənin oğurlandığı məlum olub.

Həkim Pramod Kumar Sinq vəziyyətin ciddiliyini etiraf edərək, "Binaya çoxlu sayda insan daxil olur və bu, uşağın anasını digər qohumlardan ayırd etmək və tanımaqda çətinlik yaradır" deyib.

Heç bir xəstəxana işçisi körpənin necə yoxa çıxması ilə bağlı vəziyyəti aydınlaşdıra bilməyib. Ailə xəstəxanadakı təhlükəsizlik zəifliyindən kədər və məyusluq yaşadıqlarını bildirib və uşaqlarının dərhal geri qaytarılmasını tələb ediblər. 

Yerli hakimiyyət orqanları körpənin tapılması və ən qısa zamanda ailəsinə qovuşması üçün bütün imkanları səfərbər etdiklərini açıqlayıb. Bölgədəki təhlükəsizlik qüvvələri həyəcan vəziyyətinə gətirilib.

Məryəm İlhamqızı