Leninə sui-qəsdi qardaşı törədib, Kaplan isə ölməyib - Sirr
    • 19-09-2024, 08:14
    • 365

Leninə sui-qəsdi qardaşı törədib, Kaplan isə ölməyib - Sirr

Dünyada hələ də sirri açılmayan, ətrafında kifayət qədər hörümçək toru qurulan hadisələrdən biri də tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilən, qırmızı terrorun yaradıcısı Vladimir Leninə olan sui-qəsd və burda ittiham edilən Kaplanın kimliyidir.

Əsl adı Feyqa Haimovna Roytblat olan Fanni Yefimovna Kaplan bu günə qədər Lenini güllələyən qadın - sosialist inqilabçı kimi tarixə düşüb. “Həddən çox ziddiyətli və ipləri qırılan faktlarla dolu bu sui-qəsdi doğrudanmı Kaplan törətmişdi” sualına illərdir cavab verilmir. Axı görmək məhdudiyyəti mənfi 20 olan qadın, zəif və çəlimsiz biri kütlənin içərisində necə yaxın məsafəyə gəlib sərrast atəş aça bilərdi?

30 avqust 1918-ci ildə Lenin Moskvanın cənubundakı Mixelson silah fabrikində çıxış edirdi. Lenin binadan çıxıb maşına minməzdən əvvəl Kaplan ona səslənir. Lenin ona tərəf dönəndə Kaplan “Browning” tapançası ilə üç dəfə atəş açır. Güllənin biri Leninin paltosuna dəyir, digər ikisi isə yaralayır: biri ağciyərinin sol hissəsini dağıdır və sağ körpücük sümüyünün yanında dayanır, digər güllə isə sol çiynini yaralayır. Bəzi məlumatlara görə, uşaqlar “Leninə güllə atdı!” deyə qışqıraraq onu saxlamağa kömək ediblər. Bəzi şahidlər xatırladılar ki, Kaplan həbs olunarkən deyib: “Mən öz vəzifəmi yerinə yetirdim və cəsarətlə ayrılacağam”.

Bu hadisənin tarixidir. Bəs Kaplan kim idi?

Görmə qabliyyətini həbsdə olanda itirib, möcüzə nəticəsində, mənfi 20 görüntü ilə yaşayan qadın dəqiq və peşkar qatillər kimi hardan vurmağı necə bacara bilərdi? Bu arada sui-qəsddən sonra Leninə dəyən güllələrin Kaplanın əlində olan 1 nömrəli “Browning” tapançasına aidiyyəti olmadığı haqda xəbərlər yayılıb. Lakin cinayət işinin materiallarında güllələrin məhz bu tapançadan atıldığına dair sübutlar əlavə edilir. Lenin özü də əmin idi ki, ona atəş açan kişi idi, qadın deyildi.

O, həbs edilir və dindirilmə zamanı bunu mənsub olduğu partiyanın fəaliyyətini qadağan edən Lenini “inqilab xaini” kimi qəbul etməsinə görə etdiyini deyir. 3 sentyabr 1918-ci ildə onu Kremldə məhkəməsiz güllələyirlər. Cəsədi də elə oradaca - Kremldə bir çəllək içində yandırırlar. Bəzi məlumatlara görə, elə diri-diri yandırıblar.

Ertəsi gün, 1918-ci il sentyabrın 4-də “İzvestiya” qəzetində yazı verilir: “Dünən Çekanın əmri ilə Lenin yoldaşı güllələyən Kaplan adlı şəxs güllələnib”.

Lakin onu şəxsən tanıyanlar Kaplanı ya Solovikidə, ya Sverdlovsk Mərkəzində, ya da Verxneuralsk həbsxanasında gördüklərini iddia edirlər. Şayiələr gəzirdi ki, Kaplan XX əsrin 30-cu illərində (digər mənbələrə görə 50-ci illərdə) bir qız övladı dünyaya gətirib və ölüb. 2004-cü ildə "Faktlar" nəşri özünü Kaplanın bacısının nəvəsi adlandıran Ukraynanın Rivne sakini Pyotr Vovçik ilə müsahibəni dərc edib. Yaşlı kişi qohumunun heç vaxt Leninə atəş açmadığını bildirib və deyib ki, Kaplan 1936-cı ildə azadlığa çıxan məhbus vasitəsilə onlara xəbər göndərib ki, mən sağam, sağlamam, günahım yoxdur, mənim üçün dua edin.

İllər keçdikcə müxtəlif versiyalar ortaya atılır. Leninə qarşı sui-qəsdin Fanni Kaplana Leninin qardaşı Dmitri Ulyanov tərəfindən verildiyi, sui-qəsdin əsl səbəbini gizlədənin Yakov Sverdlov (RSFSR-in rəhbəri) olduğu, onun bacısının Kaplanla dost olması üzə çıxır. Deyilənə görə, Leninin qardaşı Dmitri onu öldürüb vəzifəyə Yakov Sverdlovu gətirmək istəyirdi. Kaplanı isə təsadüfən ora gətiriblər, güllə atan peşəkar qatil hadisəni törədir və Kaplan ona tapşırılan işin başqası tərəfindən icra edilməsini görüb qaçır, həbs edilir və etiraflardan sonra Leninin qardaşının göstərişi ilə başqa adla həbsə göndərilir.

Sui-qəsddə istifadə edilən “Browning” hadisə yerində tapılmır. “İzvestiya”da reklam verməli olurlar. Bundan sonra guya Kuznetsov soyadlı fəhlə küçədə tapança tapdığını deyərək onu təqdim edir. Məlum olur ki, guya bu, həmin silahdır. Amma içində cəmi iki patron olub. 3 Leninə atılırsa, yerdə qalan 3 patron harda istifadə edilib?