AŞPA-da çevriliş necə baş verib: şok faktlar – Seyidov detalları açıqladı
    • 19-09-2024, 15:15
    • 228

AŞPA-da çevriliş necə baş verib: şok faktlar – Seyidov detalları açıqladı

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli yanaşmalar davam edir. Bunun əsl səbəbləri AŞPA-da kök salmış qruplaşmaların maraqları ilə bağlıdır. Bu təşkilatda almaniyalı deputat Frank Şvabe faktiki olaraq çevriliş edib. Hazırda orada dərin böhran hökm sürür.

News24.az bildirir ki, bunu Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, VI çağırış Milli Məclisin deputatı Səməd Seyidov deyib.

O qeyd edib ki, AŞPA daxilində olan böhran Azərbaycanla münasibətləri belə kölgədə qoyur: “AŞPA-da 5 siyasi partiya mövcuddur. Sosialistlər, xristianlar, liberallar, konservatorlar və solçular bu partiyaları təmsil edir. Təşkilatda hər bir komitənin formalaşması həmin partiyaların nümayəndlərinin rəhbərlikdə təmsil olunması ilə birbaşa bağlıdır. Çünki o partiya təmsilçilərinin biri sədr, digərləri isə bölgü ilə müxtəlif postlar tutur. Vaxtilə mən də AŞPA Monitorinq Komitəsinin birinci müavini olmuşam. Hətta davamlı olaraq Frank Şvabe mənə qarşı çıxış edirdi, amma heç nə edə bilmirdi. Hətta Monitorinq Komitəsinin rəhbəri olmadıqda iclasları mən aparırdım. Sadəcə olaraq Şvabe mənə bata bilmirdi. İndi isə Azərbaycan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdığına görə konservativ partiya həmin komitəyə bir namizəd irəli sürüb. O partiya təmsilçisinin komitədə təmsil olunması qaydalara uyğundur. Sosialistlərin rəhbəri Şvabenin həmin adamdan xoşu gəlmir deyə bildirir ki, “onun seçilməsinə icazə vermirəm”. İddia edir ki, öz partiyasında o komitəyə növbəti bir nəfər seçəcək. Təəccüblüsü isə odur ki, ona bu hərəkətinə görə, heç kim, heç nə deyə bilmədi. Beləliklə, Şvabe AŞPA-nın o komitəsinə kimi istəyirdisə, o adamı gətirdi. Bununla bağlı konservatorlar böyük bir narazılıq ifadə edən press-reliz yaydılar. Onlar qeyd etdilər ki, AŞPA daxilində Şvabe dövlət çevrilişi edib”.

Səməd Seyidova görə, bu gün AŞPA-nın ümumi mənzərəsi daxili ziddiyyətlər fonunda reallıqdan tamamilə uzaqdır: “Görünən bütün faktlar reallığı əks etdirir. Azərbaycan tərəfindən 76 AŞPA təmsilçisinin arzuolunmaz şəxs elan edilməsi də tamamilə obyektiv və düzgün qərardır. Çünki AŞPA öz daxilində problemlərini həll edə bilmirsə, qanun pozuntularına göz yumulursa, bir nəfərin qeyri-qanuni əsarətində qalıbsa, onun girovuna çevrilibsə, Azərbaycanın bu təşkilatda nə işi var? AŞPA təmsilçiləri özlərində güc tapıb düşdükləri vəziyyətdən çıxmalıdır. Özlərində güc tapıb işlərini düzgün təşkil edib, obyektiv qərarlar verib etimad qazandıqdan sonra Azərbaycan bu quruma qayıda bilər. Ona görə də, AŞPA-nın indiki halda Azərbaycanla bağlı bəyanatları, fikirləri qeyri-obyektiv olmaqla yanaşı bunların hamısının arxasında müəyyən maraqlar, konkret qurumlar, pullar, korrupsiya məsələləri var”.