“İtlərini yemləmişəm, bağ evində isə...” -
    • 23-09-2024, 20:52
    • 241

“İtlərini yemləmişəm, bağ evində isə...” - "Azərmaş” sədrinin şantaj olunmasının detalları

"Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emil Axundova qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən Əhməd Əhmədovun məhkəməsi keçirilib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı açıqlanıb, daha sonra təqsirləndirilən şəxs və zərərçəkmiş ifadə veriblər.

İttihama görə, “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər. Əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov onu şantaj edib.

İstintaq sənədlərinə görə, Əhməd Əhmədov Emin Axundova bir neçə dəfə SMS göndərib. Yüz min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağı ilə hədələyib.

Hədə-qorxu dolu mesajlardan sonra Emin Axundov Əhməd Əhmədova 10 min manat verməyə razılaşıb. O, həmin pulun min manatını Əhməd Əhmədovun dostunun kart hesabına göndərib.

Daha sonra isə 9 min manatı verəcəyini deyib.

Lakin Emin Axundov Əhməd Əhmədovun çoxsaylı hədə-qorxularına tab gətirə bilməyib və Daxili İşlər Nazirliyini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib.

İdarənin keçirdiyi xüsusi əməliyyat nəticəsində Əhməd Əhmədov cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhməd Əhmədovla görüşüb, 9 min manatı ona verib. Əhməd Əhmədov pulu götürdükdən sonra uzaqlaşmaq istəyən zaman saxlanılıb.

İstintaq orqanı tərəfindən Əhməd Əhmədovun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əhməd Əhmədov bildirib ki, Emin Axundovu bankda filial müdiri işləyən vaxtdan tanıyıb. Qeyd edib ki, Emin Axundova hədə-qorxu gəlməyib, onu bu hərəkətlərə etməyə Emin Axundovun qardaşının əməli məcbur edib: “Emin Axundovun qardaşı Eldar Axundovun bağ evində işləmişəm. Onun itlərini yemləmişəm. Bundan əlavə, bağ evində başqa işlər də görmüşəm. Eldar mənim ümumilikdə 40-50 min manat təşkil edən zəhməthaqqımı verməyib”.

Əhməd Əhmədov qeyd edib ki, Eldar Axundovun borcunun əvəzini onun qardaşı Emin Axundovdan çıxmaq qərarına gəlib: “Bu səbəbdən onu hədələyərək 100 min manat tələb etmişəm. Mən Eminin ailəsini 90-cı ildən tanıyıram. Anası Rəna xanım, atası Faiq əmi də məni yaxşı tanıyır. Mən bunlardan maşın almışam, problem çıxıb. Qardaşı Eldarın yanına gəlmişəm. Ona demişəm ki, nəyi necə edək... O da deyib ki, 1600 manat vermisən, neçə ayda lizinq vermisənsə, onu da qaytararam. 2017-ci ildən pulumu ala bilmədim”.

Məhkəmə iclasında iş üzrə zərərçəkmiş "Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov ifadə verib O, bildirib ki, Əhməd Əhmədovla nə özünün, nə qardaşının şəxsi ədavəti, yaxın işbirliyi olub:

“Əhmədi 10 il əvvəl vətəndaş kimi qəbul etdik. O zaman “Nikoyl” bankın müdiri vəzifəsində çalışırdım. Mənə sosial vəziyyətinin pis olduğunu dedi. Ona 50 manat verdim. Mənə dedi ki, sizə hədiyyə gətirəcəm və buna görə nömrəmi istədi. Mən də ona mobil telefon nömrəmi verdim”.

Emin Axundov qeyd edib ki, daha sonra Əhməd Əhmədov ona hədə-qorxular gəlməyə başlayıb: “Təxminən 10 ildən sonra mənə mesaj yazaraq pulumu qaytarın dedi. Dedi ki, sənin qardaşının bağında iş görmüşəm və sizin mənə 40 min manat borcunuz var. Üstündən bir neçə gün keçdikdən sonra dedi ki, 40 min yox, 100 min borcunuz var. Mən onun bu cür təhqiramiz mesajlarından sonra hüquq-mühafizə orqanlarına müraciət etdim. Qardaşım servis müdiridir”.

Zərərçəkmiş bildirib ki, Əhməd Əhmədov daha sonra onun qardaşının yanına tez-tez gedib: “Bu hadisələrdən sonra bildim ki, qardaşımın itinə baxıb. Ona dedim ki, əgər borc varsa, gəl haqq-hesab edək. Həmin ərəfədə onun kartına 1000 manat göndərdim. Daha sonra 10 min manata razılaşdıq. Onun nömrələrini bloka atırdım, lakin müxtəlif nömrələrdən zəng etməyə başladı. Mənə dedi ki, bilirik, oğlun İngiltərədə oxuyur. Bunu deməklə hədə-qorxu gəlirdi. Deyirdi, evinizi partladacam”.

Emin Axundov qeyd edib ki, Əhməd Əhmədovdan şikayətçidir, məhkəmədən ona ən ağır cəza təyin edilməsini istəyir.

Növbəti proses oktyabrın 3-də davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş Emin Axundov 15 il bank sektorunda rəhbər vəzifələrdə çalışıb. Hazırda kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu “AzərMaş” ASC-nin İdarə Heyətinin sədridir.