Azərbaycanın quru sərhədləri ilə bağlı kritik gəlişmə: Bu tarixdə qərar veriləcək - Günlər qaldı
    • 23-09-2024, 16:53
    • 1 328

Azərbaycanın quru sərhədləri ilə bağlı kritik gəlişmə: Bu tarixdə qərar veriləcək - Günlər qaldı

Artıq 4 ildir ki, Azərbaycanın quru sərhədləri bağlıdır və bu qərar pandemiya dövründə ölkə təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilmişdi. Məlum olduğu kimi, Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb. Oktyabrın 1-də yeni qərarın verilməsi gözlənilir. Azərbaycanın quru sərhədlərinin açılıb-açılmayacağı barədə rəsmi açıqlama həmin tarixdə veriləcək.

Bu gün Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında quru sərhədlərinin bağlı qalmasının Azərbaycanın təhlükəsizliyi üçün vacib olduğunu vurğulayıb. Dövlət başçısı çıxışında qeyd edib ki, sərhədlərin bağlı olması ölkəni xarici təhlükələrdən qoruyub və daxili risklərin olmadığını bildirib. O, ölkədə sabitliyin təmin edilməsinin inkişaf və xarici sərmayələrin cəlb olunması üçün əsas şərt olduğunu da xüsusi vurğulayıb.

Prezident İlham Əliyevin bu çıxışında əsas vurğuladığı məqam quru sərhədlərinin bağlı qalmasının Azərbaycanın təhlükəsizliyini təmin etməkdə mühüm rol oynadığıdır. O, qeyd edir ki, sərhədlərin bağlı olması Azərbaycanı xarici təhlükələrdən qoruyub və daxildə hər hansı ciddi riskin olmadığını bildirir. Bu da ölkədə mövcud olan sabitliyin və əmin-amanlığın uzun illərdir qorunub saxlanıldığını vurğulayır.

Maraqlıdır, Azərbaycan ərazisində xüsusi karantin rejiminin bitməsinə 1 həftə qalmış prezidentin quru sərhədlərlə bağlı verdiyi mesaj nədər xəbər verir, oktyabrın 1-dən quru sərhədlər açıla bilər?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, Prezidentin təhlükəsizliyin təmin olunması ilə bağlı bu kimi tədbirlərə önəm verdiyini nəzərə alsaq, quru sərhədlərinin bağlı qalmasının daha da uzadılması mümkündür:

“Prezidentin bu çıxışı ölkənin təhlükəsizliyi ilə bağlı prioritetləri aydın şəkildə ifadə edir. Dövlət başçısı İlham Əliyevin quru sərhədlərinin bağlı qalması ilə bağlı səsləndirdiyi nitqi ondan xəbər verir ki, quru sərhədləri bir müddət də açılmayacaq. Faktiki olaraq gələn həftə oktyabr ayı daxil olur və inanmıram ki, yaxın müddətdə quru sərhədlər açılsın. Çünki İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasında quru sərhədlərinin təhlükəsizlik tədbirləri ilə bağlı bağlandığını və bu təhlükənin davam etdiyini bildirdi. Bu o deməkdir ki, yaxın müddətdə Azərbaycanın quru sərhədləri açılmayacaq”. 

Politoloq qeyd edib ki, COP-29-la bağlı quru sərhədlərin bağlı qalması tədbir çərçivəsində Azərbaycana gələn qonaqların səfər trayektoriyasına heç bir aidiyyəti olmayacaq. Onun sözlərinə görə, anlaşılan odur ki, qonaqların mütləq əksəriyyəti təyyarə ilə Azərbaycana gələcək: “Qısacası həm Prezidentin nitqindən, həm də rəsmilərin özlərindən  verilən açıqlamalardan bu qənaətə gəlmək olar ki, yaxın müddətdə quru sərhədləri açılmayacaq”.

Elxan Şahinoğlu əlavə edib ki, Prezidentin bugünki çıxışı ölkənin təhlükəsizliyi ilə bağlı prioritetləri aydın şəkildə ifadə etdi. O, sabitliyk olmadan ölkənin inkişaf edə bilməyəcəyini vurğulayır və Azərbaycanın sabitliyinin nümunəvi olduğunu bildirir. Xarici risklərin qarşısını almaq məqsədilə sərhədlərin bağlı qalmasının mühüm olduğunu qeyd etməklə, Prezident təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirdiyini göstərir.

Aqil Qarayev